Oktyabrın 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar AZƏRTAC-a bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.
Onun sözlərinə gərə, həmçinin oktyabrın 4-də Türk Mədəniyyəti və İrsi Fondu və Sosial Tədqiqatlar Mərkəzinin də tərəfdaşı olduğu layihə çərçivəsində “Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni” adlı tədbir reallaşacaq. İştirakçılara Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət nəşr olunan kitab təqdim olunacaq.