AZ

Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar Bilik günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibətilə mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şəxslərin, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın Dövlət himni ifa edilib.

Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov yeni tədris ilinin başlanması münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini, Akademiyaya yeni qəbul olmuş kursantlara təhsil və təlim prosesində uğurlar arzuladığını, dövlətimizin, eləcə də Azərbaycan Polisi adını uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini daim inkişaf etdirmələrini onlara tövsiyə etdiyini şəxsi heyətə çatdırıb.

O, ötən dövr ərzində əldə olunan uğurları xatırladıb, müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı sahəsində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini bildirib.

Tədbirin davamı olaraq 2023/2024-cü tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında “Əlaçı kursant” və ll dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülmüş, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən lll ixtisas qrupu üzrə keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olmuş gənc kursantlara döş nişanları və qiymətli hədiyyələr təqdim edilib.

Sonra 2023/2024-cü tədris ilini “Əlaçı” döş nişanı ilə başa vurmuş V kurs kursantı K.Qurbanlı çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə akademiya rəhbərliyi və elmi pedaqoji kollektivinə təşəkkürünü bildirib.

Mərasim I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı Ə.Paşazadə çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib.

Mərasimin yekununda “Polis Akademiyasının marşı” səsləndirilib və şəxsi heyət təntənəli keçid ilə tribunanın qarşısından keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
17
hafta.az

10Mənbələr