AZ

Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı: “Vəkil bizdən 5 min avro aldı, özü isə...” - FOTO

İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun işi ilə bağlı narahatlığını bildirib.
 
Moderator.az xəbər verir ki, Musavat.com-a danışan ana qeyd edib ki, oğlu ilə bağlı artıq ümidləri kəsilib:
 
“Deyirlər, saxlanma şəraiti normaldır, amma nəticədə həbsxanada qalır. Haqsız yerə şərlənib tutulub, oğlum bunu heç cür qəbul edə bilmir. Ona görə də çox əsəbidir. Görüntü ilə danışa bilmirik, sadəcə səsli danışırıq. Kaş elə bir dəfə üzünü görərdim. Onu xatırlayanda gözümün önünə nədənsə həmişə uşaqlıq siması gəlir. O məsum, ananın köməyinə ehtiyacı olan siması. Elə bilirəm yenə də uşaqdır. Nə qədər arzularımız, planlarımız var idi, çox heyif”.
 
Dilarə Əsgərova əlavə edib ki, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinə etdiyi müraciətə də cavab gəlməyib.
 
O, “bəs vəkil növbəti addımda hara müraciət edəcək” sualına belə cavab verib:
 
“Fəridin vəkili bizi aldadıb, uzun müddətdir ki, əlaqəmiz yoxdur. Tahir Nəqəvi bizdən 5000 avro aldı, amma heç nə etmədi.
 
TAHİR.jpeg (52 KB)
 
Artıq oradakı vəkillərin heç birinə inanmıram. Siz təsəvvür edin, kitab üçün pul da göndərdim vəkilə, bizə dedi ki, göndərdim, amma içəri buraxmadılar. Son vaxtlarda həbsxana rəisi özü Fəridə təklif edib ki, hansı kitabı istəsən yaz alaq. Fərid deyib, axı buraxmırsınız, deyib İranda çap olunan kitabı niyə buraxmayaq ki. Heç demə bizi aldadıbmış. Daha sonra bizim tərcümə işimiz var idi. Vəkil bizə dedi ki, Fərid üçün tərcüməçi tutub. Fərid dedi, mama, bundan şübhələnirəm tərcüməçinin nömrəsini istəyəcəm. Vəkildən nömrəni istəyəndə vermədi. Məlum oldu ki, bu da yalanmış. Fəridin yanına da getmirmiş. Məhkəməyə də getməyib. Fərid məhkəmədən öyrənmişdi. Deyiblər o, bura cəmi bir dəfə gəlib. Amma bizi aldadırdı ki, guya hər həftə gedir. Fərid deyilənə də inanmayıb, özü yoxladı. Fərid deyib məhkəməyə gəlmişəm, gəl mənə dəy, deyib tələsirəm, gələ bilmirəm. Kitabı da soruşdum ki, niyə aldatmısan məni. Dedi ki, Fərid dedi, gərək almanca kitab Almaniyada çap oluna. Görün, nə qədər absurd bir bəhanə gətirib. Bizdən kitaba görə 50 avro aldı. Sonra həbsxana rəhbəri kitab alıb, Fəriddən pulunu da götürməyib”.
 
Dilarə Əsgərova “Tahir Nəqəvinin fevral ayında İranda həbs olunduğu bildirilir, bu səbəbdən sizinlə əlaqəsi kəsilmiş deyil ki” sualına da cavab verib:
 
“Düzünü desəm, onun tutulduğunu indi sizdən eşitdim. Amma o, bizimlə daha əvvəldən işini bitirdiyini bildirmişdi. Nə köməkliyi dəydi ki bizə. Ancaq pul aldı və aldatdı bizi. Fevral ayına qədər artıq “mənlik bir iş yoxdur” demişdi bizə. “Necə yəni Fərid içəridədir axı”, demişdim. Bundan sonra kimə inanansan, buradan heç bir vəkilə etibar etmirəm. Azərbaycandan vəkilin təyin olunmasına isə burada icazə vermirlər”.
 
Qeyd edək ki, İran İslam Respublikasının Əlburz vilayətinin Kərəc şəhərində vəkil və türk dil haqları müdafiəçisi Tahir Nəqəvinin İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
 
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və “Araz News” saytı kimi mənbələr bu barədə məlumat yayıblar. Vəkilin fevral ayının 6-da nəzarət altına alındığı bildirilib. Onun hansı ittihamlara görə həbs edildiyi bəlli deyil.
 
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
 
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gəlib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
 
Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. F. Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.
 
Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb. Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
moderator.az

7Mənbələr