Artıq bu gündən Azərbaycanda yeni tədris ili başlandı. Məktəblərin açılması ilə uşaqların eyni qapalı məkanda və bir-biri ilə sıx təmasda olması onlar arasında müxtəlif infeskiyaların, həmçinin, qızılca xəsətliyinin yayılmasına səbəb ola bilər.
Bəs, bu xəstəliklərin qarşısı necə alına bilər?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər hansı bir səbəbə görə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər və 11 - 40 yaş arası əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini və qızılca-məxmərək əleyhinə QM vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir", - deyə əlavə edilib.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, sentyabr ayından etibarən virusların aktiv olduğu dövr başlayır.
"Xüsusən payız fəslində viral olan infeskiyalar daha çox özünü göstərəcək. Bağçaların, məktəblərin açılması 6 yaşa qədər uşaqlar arasında infeksiyaların yayılmasına gətirib çıxaracaq. Bunun qarşısını almaq üçün bir neçə yol var. Birinci növbədə düzgün qidalanma, yuxu rejimi qaydasında olmalıdır. Daha sonra peyvəndlənmə və vaxtlı-vaxtında həkim qəbulunda olmaq infeksiyaların qarşısını almağa kömək edə bilər", - deyə o bildirib.