AZ

“Şəhidlər parkı”nın genişlənməsi “Yaşıl dünya naminə həmrəylik ili”nə də töhfə olacaq — FOTOLAR

Azərbaycanın yeni tarixinə dörd il əvvəl yazılan və milli təqvimimizdə əbədi anlam qazanan 27 Sentyabr – işğal altındakı Vətən torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin Anım Günü yaxınlaşır. O gün tarixi yaddaşımız üçün həqiqət anı, qırılma nöqtəsi idi. Ali Baş Komandan yağı düşməni yurd yerlərimizdən vurub çıxarmaq əmrini vermişdi: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli!...”.

Televiziya ilə xalqa müraciətində Vətən müharibəsinin başladığını bildirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağ məsələsinin milli məsələ, bu məsələnin həllinin isə tarixi vəzifə olduğunu bəyan etdi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun... Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir...”.

Həmin gün irəli gedən igidlər tariximizə şan və şərəf salnaməsi yazdılar. 44 günlük haqq savaşında qazanılan Zəfər bu yolda canını qoyanların və Vətən-torpaq uğrunda özünü fəda edən cəmi şəhidlərimizin ruhunu şad etdi.

Azərbaycan xalqı adlarını tariximizə əbədi həkk etmiş qəhrəman övladlarının xatirəsini qəlbində yaşadır. Şəhidlərin xatirəsi ölkəmizin hər yerində əbədiləşdirilir, o cümlədən park və bağlarda abidələr, memorial komplekslər yaradılır.

Bu gün Bakıda şəhidlərin xatirəsini yaşadan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edənlərin adına salınan bir park da var. Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisinin yaxınlığında salınan “Şəhidlər parkı”nın təntənəli açılışı 2021-ci ilin 8 noyabrında, Zəfərimizin ildönümündə keçirilib.

Ticarət mərkəzində fəaliyyət göstərən “Sabit Mühafizə Xidməti” (SMX) MMC-nin təşəbbüsü, “Sədərək” firması rəhbərliyinin dəstəyi ilə ilk mərhələdə yarım hektar sahədə salınan parkda əkilən ağaclar boy atıb. Ərazidə becərilən müxtəlif gül kolları ilə birlikdə bura füsunkar məkana çevrilib. Bu ağacların bir qismi şəhidlərin ailə üzvlərinin, yaxınlarının iştirakı ilə əkilib və onların yanında şəhidlər haqqında məlumat lövhəsi qoyulub. İndi o ağacların hərəsi bir şəhidin adı ilə böyüyür.

“SMX” MMC-nin direktoru Şahlar Səfərov deyir ki, “Sədərək” firmasının rəhbərliyi “Şəhidlər parkı”nın yaradılması təşəbbüsünü ilk gündən təqdirlə qarşılayıb və bu gün də onun genişlənməsi, daha da abadlaşması üçün hər cür dəstək göstərir.

Parkın dörd yanı boyunca tariximizə qəhrəmanlıq salnaməsi yazan şəhidlərin portretlərindən ibarət stendlər qurulub. İndiyədək stendlərə 340 şəhidin portreti vurulub və bu iş davam etdirilir. Stendlərin üzərində Azərbaycan bayraqları ilə yanaşı, tarixi Zəfərimizə dəstək verən qardaş Türkiyənin bayraqları da dalğalanır. “Şəhidlər parkı”nda iki “Şəhid bulağı” inşa edilib, ağacların əhatəsində söhbətgah qurulub.

Burada şəhid ailələri ilə görüşlər keçirilir. Hər belə görüşdən isə parkda şəhidlər adına əkilən yeni ağaclar yadigar qalır. Onu da əlavə edək ki, parkın yanında, “SMX” MMC-nin inzibati ərazisində Vətən müharibəsi şəhidi, “SMX” MMC-nin əməkdaşı olmuş Nəcməddin Sarkayevin (1999–2020) büstü qoyulub. Buradakı xatirə mərasimləri də qəhrəman şəhidin büstünün ziyarət olunması ilə başlayır.

Ticarət mərkəzinə yolu düşən şəhid yaxınları vaxtaşırı “Şəhidlər parkı”na baş çəkir, qəhrəman Vətən övladlarının xatirəsinə yaşıl abidə olan məkanda dincini alır, parkın salınmasında dəstəyi və zəhməti keçənlərə, burada çalışanlara, aqrotexniki qulluq və abadlıq işləri görənlərə minnətdarlıq edirlər.

Bir müddətdir ki, parkın ikinci mərhələsində işlərə başlanılıb. Daha bir hektar ərazidə ağac və güllər əkilib, suvarma xətləri çəkilib və beləliklə, “Şəhidlər parkı”nın ərazisi üç dəfə böyüyərək 1,5 hektara çatıb. Burada ümumilikdə 3 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib. Parkın yanında, “SMX” heyətinin təlim-toplanışlarının da keçirildiyi idman meydançası və ətrafındakı yaşıl zona (təxminən 0,1 hektar) da nəzərə alınsa, ümumilikdə yaşıllıq sahəsi 1,6 hektarı əhatə edir. Onu da qeyd edək ki, ərazidə aqrotexnika sahəsi üzrə qabaqcıl üsul olan damlama suvarma sistemi qurulub.

“Şəhidlər parkı”nın ikinci mərhələsi ilə bağlı işlər çərçivəsində əraziyə, Bakı-Qazax magistralından sağa ayrılmaqla 450 metr uzunluğunda, 8 metr enində yeni asfalt yol da çəkilib. Eyni zamanda parka gələcək ziyarətçilərin rahatlığı üçün burada ayrıca avtodayanacaq yaradılıb. Parkdan ticarət mərkəzinə də yeni salınan yolla rahat getmək olacaq.

Lakin görülən işlər bununla bitmir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha böyük bir layihənin icrasına başlanılıb.

Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamında qeyd olunduğu kimi, bu gün ölkəmizin sosial-iqtisadi inkişafına dair əsas prioritetlərdən biri təmiz ətraf mühit və yaşıl artımdır. Bu prioritetə uyğun olaraq, hər yerdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində işlər aparılır.

“Sədərək” firması və “SMX” MMC-nin təşəbbüsü ilə Qarabağ savaşlarında qəhrəmancasına şəhid olmuş soydaşlarımızın əziz xatirəsinə ehtiram əlaməti olaraq salınan “Şəhidlər parkı”nın ərazisinin genişləndirilməsi layihəsi də bu istiqamətdə təqdirəlayiq addımdır.

Layihə üzrə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Bakı-Qazax magistralının sağ cinahı boyunca, “SMX” MMC-nin inzibati binasının yerləşdiyi ərazidən “Sədərək” TM-in 1-ci elektron keçid məntəqəsinədək (Şıxov istiqaməti) olan sahə məişət tullantılarından və qrunt sularının yaratdığı gölməçələrdən təmizlənir. Burada 20 min ağacın (5 min zeytun, 5 min Eldar şamı, 10 min evkalipt) əkilməsi nəzərdə tutulub. Ümumilikdə 16 hektar ərazidə yaşıllıq zolağı salınacaq.

Avqust ayında başlanan layihənin noyabr ayında başa çatması nəzərdə tutulub. Hazırda traktor və digər texnikanın cəlb olunduğu ərazidə qızğın iş gedir, əkiləcək ağaclar üçün zolaqlar müəyyən edilir. Zəruri işlər başa çatandan sonra ağacəkmə aksiyası başlanacaq.

Yeni yaşıllıq zolağı salınacaq ərazinin başlanğıc və sonunda layihə ilə bağlı müvafiq məlumatlandırma lövhələri də qoyulub. Bu yerlərin indiki boz biyaban görüntüsünü bir müddət sonra başqa mənzərə əvəz edəcək. Şəhidlərin əziz xatirəsini yaşadan geniş məkan Bakının ən böyük parklarından biri kimi “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə, gələcək illərə isə yaşıl yadigar olacaq.

Vüqar Orxan

Seçilən
9
3
hurriyyet.az

4Mənbələr