Çeçenistanda Azərbaycan vətəndaşlarının Rusiya tərəfindən Ukrayna cəbhəsinə göndərilməsi böyük təhlükədən xəbər verir. Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Çeçenistanda yaşanan bu hadisənin başqa yerdə yaşanmayacağına kim təminat verir. Moskva necə sovet dövründə rus millətçiliyin qorumaq üçün digər millətlərin qurban verirdisə indi də federasiya daxilində eyni siyasəti davam etdirir. Bir müddət öncə osetinlərlə bağlı da yazmışdım. Təsəvvür edin ki, Krem bu milləti Ukrayna müharibəsində nə hala salıbsa sonda osetinlər yerli rəhbərliyə müraciət ediblər ki, Putinlə deyin bizim uşaqları aparmasın artıq. Təsəvvür edin ki, Şimali Osetiyada qəbiristanlıqlar müharibədə ölən gənclərin qəbirləri ilə doludu. Allagir Osetiyanın ən balaca şəhərlərindən biridir, şəhərdə demək olar ki, gənc oğlan qalmayıb. Amma rusların yaşadığı digər şəhərlərdə gənclər rahat şəkildə hərəkət edir. Moskva, Peterburq, Rostov kimi böyük şəhərlərə müharibə bir o qədər təsir etmir. Kreml federasiya vətəndaşı olan azsaylı xalqların gənclərini müharibəyə göndərib axırına çıxıb, indi də digər postsovet vətəndaşlarına bu üsulu tətbiq etmək niyyətindədir. İnanın ki, bu bir sınaqdır və heç şübhəm yoxdur ki, əgər buna sakit qalsaq bu vəziyyətdən necə lazımdı istifadə edəcəklər. Bu gün Azərbaycan dövləti çox düzgün edərək hadisəyə dərhal reaksiya verdi və Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırılaraq notanı təqdim etdi. Rusiyada yaşayan vətəndaşlarımız da bu məsələdə ehtiyyatlı olmalıdır. Heç bir halda aldadıcı vədlərə inanmamalıdırlar. Xüsusilə də cəzaçəkmə müəssisələrində cəza çəkənlər. Yadda saxlayın kı, vətəndaşı olduğunuz Azərbaycan rəsmi şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu dövlətə qarşı silah işlətmək cinayətdir.
Zeynal Əmrəliyev