Son zamanlar bir çox ittihamlarla tez-tez gündəmə gələn məşhur amerikalı reper Puff Diddi nəzarətə götürülüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York Cənub Dairəsi prokuroru Damian Villiams, Kombsun nəzarətə alındığını açıqlayıb. Villiams, Kombsa qarşı irəli sürülən ittihamnamənin hələlik gizli saxlanılacağını, işin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.
Kombsun vəkili Mark Agnifilo, müvəkkilinin əməkdaşlıq etdiyini və günahkar olmadığını bildirib və bütün faktların ortaya çıxmasını gözləmək lazım olduğunu qeyd edib.
Kombsun keçmiş sevgilisi müğənni Kessi Ventura 2023-cü ilin noyabrında cinsi təcavüzə məruz qaldığını iddia edərək ona qarşı iddia qaldırıb. May ayında CNN Kombsun Venturaya fiziki hücum etdiyini göstərən bir video yayımlayıb və Kombs onun hərəkətlərinə görə üzr istəyib. Venturanın açdığı iddiadan sonra Kombsa qarşı cinsi təcavüz ittihamları artmağa davam edib. ABŞ Daxili Təhlükəsizlik Departamenti martın 25-də Kombsın Los-Anceles və Mayamidəki evlərində axtarış elan edib və onlara basqın edib.