AZ

“Formula 1 Azərbaycan Qran-Prisi bu dəfə də ən uğurlu idman tədbiri kimi tarixə düşdü”



Formula 1 Azərbaycan Qran-Prisi növbəti dəfə uğurla yekunlaşdı. Azərbaycan digər yarışlarda olduğu kimi, Formula 1-də də yüksək təşkilatçılıq bacarığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Formula 1 Azərbaycan Qran-Prisi bütün azarkeşlər üçün daha bir maraqlı mövsüm kimi tarixə düşdü. Formula 1-ə böyük marağın və yüksək tələbatın olduğu vaxtda budəfəki təqvim ənənəvi yarışlar ilə yeni və mövcud yarışlar arasında düzgün balans yaratdi.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə olan maraq gözləntiləri üstələdi. Belə ki, 13-15 sentyabr tarixlərində keçirilən yarışa bütün tribuna biletləri satıldı. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına 2 yeni tribuna əlavə edilməsi, yarış tribunalarının ümumi tutumunun ötən ilə nisbətdə 35 faiz artırılması bu nüfuzlu idman tədbirinə marağın ilbəil artdığını təsdiqləyir.
Açılış mərasimi bu dəfə də milli koloriti ilə yadda qaldı. “Xan Qarabağ” xalçalarının sadə naxışları fonunda hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirirdi. Qaliblərə təqdim olunan kubok da milli üslubda dizaynı ilə diqqət cəlb edirdi. Rəsmi mükafat Qarabağ xalçalarının xarakterik naxışları əsasında hazırlanıb. Bu naxışlar həm zövq oxşayan gözəllik, həm də ölkənin köklü sənət və sənətkarlıq ənənələrini yaşatdığına işarədir.
Dizaynda istifadə olunan alov Azərbaycanın "Odlar Yurdu" kimi tanındığını və ölkəmizin idman sahəsindəki yüksək nüfuzunu vurğulayır.
Bütün formula 1 azarkeşləri bu dəfə də uzunluğu 6 kilometr olan Bakı şəhər halqası ilə sərgilənən yarışı böyük həyəcanla izlədi. Yarışlarla əlaqədar ölkəmizdə səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidentləri də Azərbaycanı idmana xüsusi diqqət ayıran ölkə kimi qiymətləndirdilər. Peşəkar idman mütəxəssisləri şəhər yarışlarını həm tribuna, həm də televiziya tamaşaçıları üçün unikal təcrübə kimi qiymətləndirirlər. Yarışın bu qədər yaxınlıqda keçməsi azarkeşlərlə emosional və vizual bağlılıq yaradır.
Builki yarışlar böyük iqlim tədbiri - COP29 ərəfəsinə təsadüf etdi. Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalinin qeyd etdiyi kimi, Formula 1-in 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi öhdəliyinin bir hissəsi kimi təqvimlərin davamlılıq əsasında tərtib olunması növbəti illərdə də davam edəcək.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Bu nüfuzlu idman tədbirinin ölkəmiz üçün bir çox faydaları var.
Azərbaycanın dünyamiqyaslı layihədə payının olması, artıq altı dəfə peşəkar komandası ilə yarışları qüsursuz şəkildə keçirməsi beynəlxalq idman arenasında öz sözünü deməyi bacarması təqdirəlayiq haldır. Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. Təsadüfi deyil ki, 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son illər ən çox izlənilən avtoidman yarışı adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələmişdir.
500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının Azərbaycanda keçirilməsi ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır.
F1 yarışları eyni zamanda iqtisadi cəhətdən cəlbedici və faydalıdır. Belə mühüm idman yarışına ev sahibliyi edən ölkınin gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı nəzərə alınır. Məsələ burasındadır ki, heç də bütün ölkələrə bu yarışların təşkilinə icazə verilmir.
Yarışları izləməyə gələn xarici turistlərin sayında hər il artım müşahidə edilir. Məsələn, Bakıda keçirilən üçüncü Formula 1 yarışını izləməyə gələn əcnəbilərin sayında 2017-ci illə müqayisədə 31% artım olub. Bu tendensiya hər il artmaqda davam edir.
Nüfuzlu idman tədbirinin siyasi baxımdan əhəmiyyətinə gəlincə, Formula 1 Azərbaycan Qran Prisi Azərbaycanı dünyada tanıtmaq üçün ideal platformadır. İlk illərdə Bakıdakı möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə,artıq bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunur. Bu isə Azərbaycan mədəniyyətinin, qonaqpərvərliyinin daha geniş auditoriyaya təqdimatıdır.
Üstəlik, artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də qalib paytaxtda fərqli bir statusda Formula 1 Azərbaycan Qran Prisini başa vurduq. Avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir. Bu dəfə də 300-ə yaxın media nümayəndəsi qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını işıqlandırdı. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlər idi. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
7
aia.az

8Mənbələr