AZ

“AzərEnerji”nin  “yaşıl” strategiyası

“AzərEnerji” ASC Prezident İlham Əliyevin “yaşıl” enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, 2030-cu ilədək enerjisistemdə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması ilə bağlı strategiyasına uyğun olaraq kompleks tədbirlər planının icrasına başlayıb. 

Qurumdan XQ-yə bildirilib ki, 2028-ci ilə qədər günəş və külək elektrik stansiyalarının gücünün 1850 meqavata çatdırılması planlaşdırılır. Bu isə enerjisistemdə “yaşıl” enerji istehlakının ilin fəsillərinə uyğun olaraq bəzi hallarda 30-60 faizə çatması deməkdir. “Nəzərə alınsa ki, günəş, eləcə də külək elektrk stansiyalarının istehsalı sırf təbii amillərlə, yəni havanın günəşli və ya küləkli olub-olmaması ilə bağlıdır, onda 1850 meqavat bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası zamanı dayanıqlığın və etibarlığın qorunması, ölkədə enerji istehsalı gücünün sabit saxlanılıb tələbatın davamlı olaraq təmin edilməsi olduqca əhəmiyyətli məsələdir”– deyə səhmdar cəmiyyətindən bildirilib. 

Gələcəkdə enerjisistemdə kataklizmlərin yaranmaması üçün indidən “AzərEnerji” ABŞ və Türkiyə beynəlxalq texniki məsləhətçi şirkətlərinin təhlilləri əsasında 1850 meqavat “yaşıl” enerjinin enerjisistemə inteqrasiyası ilə əlaqədar kompleks tədbirlər həyata keçirir. Hazırda ənənəvi elektrik stansiyalarının tənzimləmə sistemlərinin optimallaşdırılması ilə tezliyin avtomatik tənzimlənməsində iştirak üçün nəzərdə tutulmuş işlərlə yanaşı, “Azərenerji”nin istifadə etdiyi SCADA sistemində də yenilənmələr aparılır. Bu məqsədlə yerli kadrların hazırlanması üçün xarici mütəxəssislər dəvət edilir, xüsusi kurslar təşkil olunur. Eyni zamanda, “SİEMENS”, “General Electric”, “MİTSUBİSHİ”, “Wartsila” və “EMERSON” şirkətləri ilə birlikdə “Sumqayıt”, “Cənub”, “Şimal” və “Qobu” elektrik stansiyalarında tələb olunan tədbirlər icra edilir. WAMS/WACS tətbiqi ilə monitorinq və nəzarət sistemləri gücləndirilir.

Seçilən
3
9
xalqqazeti.az

10Mənbələr