Sentyabrın 28-də Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyasının (IBA) Çempionlar Gecəsi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu tədbir Azərbaycan Boks Federasiyasının 100 illik yubileyi çərçivəsində Milli Gimnastika Arenasında keçiriləcək.
Gecədə dünyanın ən güclü boksçuları iştirak edəcək və ümumilikdə 8 döyüş baş tutacaq. Bu döyüşlərdən 4-də Azərbaycan təmsilçiləri iştirak edəcək. 51 kq çəki dərəcəsində Avropa çempionu Nicat Hüseynov filippinli boksçu Con Zulueta ilə qarşılaşacaq.
Dünya çempionatının mükafatçıları olan Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq Monqolustan təmsilçisi Monx-Erdene Urançimeq və Kolumbiyalı Kristian Salsedo ilə döyüşəcəklər.
Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) isə qazaxıstanlı Nursultan Amanjolova qarşı mübarizə aparacaq.
Çempionlar Gecəsi saat 18:00-da başlayacaq.