Hüquq və İnsan Haqları İnstitutu audioməqalələr bazasını istifadəyə verib.
Bu barədə e-huquq.az-a İnstitutdan məlumat verilib.
Bildirilib ki, son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Görülən işlərin davamı kimi İnstitut süni intellekt texnologiyasının imkanlarından istifadə edərək, hüquq elmi sahəsinə aid məqalələrdən ibarət audioməlumat bazası (https://lhri.az/az/audio-articles) hazırlayaraq istifadəyə verib.
Mütəmadi olaraq yeni məqalələrlə zənginləşdirilməsi nəzərdə tutulan bazaya hazırda 30 audioməqalə daxil edilib. Bu məqalələr cəmiyyət üçün aktual olan mövzulara, o cümlədən, məişət zorakılığı, gender bərabərliyi, məhkəmə qərarlarının icrası, müxtəlif hüquq terminlərinin şərhi, beynəlxalq məhkəmələrin qərarlarının təhlili və s. mövzulara həsr edilib.
İnanırıq ki, bu baza istifadəçilərin audioməqalələrə olan tələbatını daha sürətli ödəmək üçün optimal variantlardan biridir.