Sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Təhsil İdarəsindən verilən məlumata görə, İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etmişdir. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub.
Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.
NAMİQ