Sentyabrın 18-də adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 139-cu ildönümü tamam olur.
Moderator.az xəbər verir ki, bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür.
Xatırladaq ki, 1995-ci il sentyabrın 18-də Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il bu tarixin “Üzeyir musiqi günü” kimi qeyd olunması haqqında fərman imzalayıb.
2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Adıçəkilən mötəbər musiqi şöləni bu il 16-cı dəfə gerçəkləşir.
Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə dahi bəstəkarın məzarı üstünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edib. Bildirib ki, 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü, həm də ölkəmizdə Milli Musiqi Günüdür. Bununla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri minnətdarlıqla yada salınır. Bu gün Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı başlanır. 18-28 sentyabr tarixlərində keçiriləcək festivalın bu il də zəngin proqramı var.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri olduğunu bildirib: “Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi bir dövr başlandı, klassik musiqi sənətimizin təməli qoyuldu, yeni musiqi janrları yarandı. O, mədəniyyətimizə çox böyük töhfələr verərək milli musiqimizi dünya səviyyəsinə qaldıra bildi”.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi Üzeyir bəyin ölməz yaradıcılığından söz açıb. Deyib ki, Üzeyir Hacıbəylinin əsasını qoyduğu təhsil sistemi ilə Azərbaycanın musiqi mədəniyyətinə böyük sənətkarlar bəxş olunub.
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova və başqaları bəstəkarın mədəniyyət salnaməmizdə silinməz iz qoyan çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Vurğulanıb ki, illər, əsrlər ötsə də, Üzeyir Hacıbəylinin sənəti və əməlləri əbədi yaşayacaq.
Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.
Mərasim iştirakçıları həmçinin Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzüblər.