“Hansısa sənədin üzərinə “Sülh sazişi” yazıb imzalamaqla sülhü təmin etmək mümkün deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində prosesləri uzatmağının səbəblərindən danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Azərbaycan beş baza prinsipi ilə Ermənistana sülh təklifini edib.
“Lakin qarşı tərəf müxtəlif addımlarla prosesin uzadılmasına xidmət edən mövqe sərgiləyib. Altıncı prinsipi və ATƏT-in Minsk qrupu, eyni zamanda Qarabağın statusu və erməni əhalinin beynəlxalq mexanizmlərlə təhlükəsizliyinin təmin olunması məsələsini ortaya ataraq danışıqları uzadıb nəticənin gecikməsinə səbəb oldular.
Anti-terror əməliyyatlarından sonra ermənilər ərazini könüllü şəkildə tərk etməyə başladı. Yəni onların təhlükəsizliyinin təminatı ilə bağlı məsələ artıq qüvvədə deyildi. Razılığa gəlmək üçün əlverişli şərait yaransa da Ermənistan dərhal ortaya üç prinsip ataraq mövzunu Qrenada görüşündə müzakirəyə çıxardı. Təəssüf ki, Avropa İttifaqı yenə də ermənilərə dəstək verərək danışıqlara növbəti zərbəni vurdu”, – deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, sülh sazişinin imzalanması üçün aydınlaşdırılmalı olan məsələlər mövcuddur.
“Hansısa sənədin üzərinə “Sülh sazişi” yazıb imzalamaqla sülhü təmin etmək mümkün deyil. Azərbaycan Cənubi Qafqazın sülh meydanına çevrilməsinin tərəfdarıdır. Ermənistan isə özünü sülhpərvər göstərərək gərginliyin qalmasına zəmin yaradır. Bunun isə qarşısını yalnız Qərb ala bilər. Real təzyiqlər göstərərək, Ermənistanın sülh müqaviləsinə imza atmasına nail olmaq mümkündür”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli