Sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.
SİA xəbər verir ki, Leyla Əliyeva əvvəlcə məktəbin müəllimlərini salamlayıb, onlarla xatirə şəkli çəkdirib.
Sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, burada 56 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi, tibb və əmək təlimi otaqları yaradılıb. Məktəbdə, həmçinin akt zalı, idman zalı və açıq idman meydançası inşa edilib.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ötən dövrdə inşa və təmir edilən məktəblər, o cümlədən Fondun təhsilin inkişafına yönəlik fəaliyyəti ölkəmizdə bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Yeni tədris ilində Biləsuvarda inşa olunan məktəb də şagirdlərin keyfiyyətli təhsil almasına yönələn daha bir layihədir.
Daha sonra Leyla Əliyeva şəhid ailələrinin üzvləri, məktəbin şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Leyla Əliyevanı salamlayan Bəydili kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, məktəbin 1983-cü ildə inşa olunmuş binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşüb. Buna görə Heydər Əliyev Fondu tərəfindən Bəydili kənd orta məktəbi üçün yeni bina inşa olunub və bu tədris ilində istifadəyə verilib.
Yeddi korpusdan ibarət yeni məktəb binası 1400 şagird yerlikdir.