AZ

Güney Qafqazdakı bütün proseslərdə Rusiya və İran çiyin-çiyinə olublar - ÖZƏL

"Şoyqunun İrana belə sıx-sıx səfər etməyə meyillənməsi təsadüfi deyil".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Rusiya dünya tərəfindən ciddi şəkildə sıxışdırılır və bunun fonunda Güney Qafqazda mövqelərini qoruyub saxlamaq üçün dəridən - qabıqdan çıxır. Amma bərabərində Ermənistan da Rusiya ilə birdəfəlik üzülüşmək istəyir. Hətta, bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan açıq mətnlə bəyan etdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük Ermənistan üçün zərərlidir. Yəni bu o deməkdir ki, biz oradan çıxacağıq və bunun fonunda əlbəttə ki, Şoyqunun İrana səfər etməsi diqqət çəkməyə bilməz. Ona görə ki, bir tərəfdə də İran Güney Qafqazla bağlı intensiv fəaliyyət göstərməyə cəhd edir və tarixdən də bəllidir ki, Güney Qafqazdakı bütün proseslərdə Rusiya və İran çiyin-çiyinə olublar. Yəni Qafqazı bölmək, işğal etmək, dağıtmaq və s. məsələlərdə İran İslam Respublikası Rusiya Federasiyası, ona qədər SSRİ ilə birlikdə olub. Hətta İkinci Dünya müharibəsindən sonra Güney Azərbaycanda qurulmuş müstəqil dövləti də məhz Sovet Sosialist Respublikaları İttifaqı adlı Rusiya imperiyası satmışdı. Ondan öncə də bu cür proseslər olub. Yəni sözümün canı odur ki, Rusiya ilə İran Qafqaz məsələsində, özəlliklə Güney Qafqaz məsələsində çəkici bir zindana vurur. Şoyqu da ona görə belə tez-tez səfərlər edir və onu da xatırladaq ki, İran Zəngəzur dəhlizini özünün qırmızı cizgisi adlandıraraq aqressivlik nümayiş etdirir. Burada Rusiya ilə İranın mövqelərində ziddiyyət əmələ gəlib və görünür, həmin ziddiyyəti aradan qaldırmaq üçün bunlar danışıqlar aparırlar. Çünki Zəngəzur dəhlizinə 2020-ci ilin 44 günlük müharibəsindən sonra 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Rusiya nəzarət etməlidir. Ermənistan isə bunu istəmir. Azərbaycan bu məsələdə neytraldır. Bizim üçün ora kimin nəzarət edəcəyinin fərqi yoxdur. Sadəcə Azərbaycanın böyük ərazisindən Naxçıvana və əksinə gediş-gəlişə heç kim müdaxilə etməsin, yetər. Belə bir şəraitdə İran da durub ermənidən çox ermənilik edir və Zəngəzur dəhlizi ilə bağlı hətta Ermənistanın belə səsləndirmədiyi sərt fikirlər səsləndirir. Bu da təbii ki, Rusiyanın xoşuna gəlmir. Ona görə bax, bu intensiv danışıqlar aparılır. Eyni zamanda Ukrayna müharibəsində burnu ovulmaqda olan Rusiya, bilirsiniz ki, İrandan hərbi texnika, özəlliklə də, pilotsuz uçan aparatlar, PUA-lar alır və onları Ukraynanın üzərinə göndərir. Hər gün də Ukrayna onlarla İrana aid PUA-nı məhv edir. Görünür Rusiya İrandan daha çox hərbi dəstək almaq istəyir və ona görə də bu cür səfərlər intensivləşir.
Ümumi götürəndə, burada tək bir məsələ üzərində deyil, mənə elə gəlir ki, kompleks məsələlər üzərində dayanmaq lazımdır. Yəni Rusiya o qədər rəzil duruma düşüb ki, hətta İrandan belə asılıdır. İkinci bir tərəfdən Qafqazda Rusiya öz sözünü tam olaraq keçirə bilmədiyinə görə İranı ənənəvi şəkildə yanına almaq, onunla birlikdə hərəkət etmək yolu tutub. Amma Qafqaz xalqları da artıq ayrılmışlar. Rusiya əvvəlki kimi burada at oynada bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr