Bu gün "Əsrin Müqaviləsi"nin imzalanmasından 30 il ötür.
Publika.az cəbər verir ki, 20 sentyabr 1994-cü ildə Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edildi.
“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanma mərasimində söylədiyi nitq geniş mənatutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil, həm də siyasi təhlil dilində danışmağa imkan verir. Bu nitqdə Azərbaycan dövlətinin başçısının niyyət və qərarlarını interpretasiya etmək üçün onun zəngin dil və dünyagörüşü imkanları ifadə edilmişdir.