AZ

Fazil Mustafa: “Dövlət Suverenliyi Gününün təsis edilməsi xalqımızın qəlbindən gələn səsin ifadəsidir”

“Dövlət Suverenliyi Günü bizim üçün tarixi bir dönüm günüdür”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan uzun illər düşmən tapdağı altında qalmış ərazilərimizə yenidən can verməyə başlayıb: “Təbii ki, bu, şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığı bahasına başa gələn bir hadisədir. Bunun da əsas memarı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Onun diplomatik və hərbi zəkası nəticəsində torpaqlarımız azad olundu. Biz bunu yüksək dəyərləndirməliyik. Ölkə Prezidenti bu günün tarixi əhəmiyyətini cəmiyyətin bir daha diqqətinə çatdırmaq və bu günü hər zaman xatırlamaq üçün Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı”.

F.Mustafa hesab edir ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycan xalqının qəlbindən gələn səsin ifadəsidir: “Çünki bu hadisə bizim bütün qürurumuzu bərpa elədi, məğlub duruşumuzu dəyişdi. Ona görə də bundan sonra Azərbaycan xalqı 20 Sentyabrı xüsusi bir gün kimi qeyd edəcək və bu, tariximizdə ən dəyərli hadisələrdən biri kimi yaddaşlarda qalacaq. Bu günün memarlarının hamısı hər zaman xatırlanmalı və dəyərləndirilməlidir. Biz bundan sonra elə etməliyik ki, Azərbaycan dövləti bir də hansısa bir çöküş və qarışıqlıq yaşamasın. Yalnız tərəqqi və inkişaf Azərbaycan üçün tək bir seçim və yeganə yol olsun”.

Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Bu bayram ölkəmizdə ilk dəfədir qeyd olunur.

Belə ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xatırladılır ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara alıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Sadiq Cavadov

 

Seçilən
71
49
iqtisadiyyat.az

10Mənbələr