AZ

Xoş gəldin süfrələrimizə, “İstisu”

“Dirilik suyu”nun faydaları və istifadə qaydaları

Nəhayət, uzun illərdən sonra həsrətini çəkdiyimiz “İstisu” da süfrələri­mizə qayıtdı. Vaxtilə Kəlbəcərə müalicəyə gedənlər qayıdanda ailəsi üçün mütləq “İstisu” da gətirərdilər. İçməkdən doymadığımız bu şəfalı su mağa­zaların vitrinlərini bəzəyərdi. Kəlbəcərin azadlığa qovuşması bu misilsiz di­rilik çeşməsini də əsarətdən xilas etdi. Yaşlı nəsil bu suyun dilini yaxşı bilsə də gənclərimiz onun fayda və qaydalarından xəbərsizdir. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu­nunla bağlı açıqlamasında bildirdi:

– Kəlbəcərin məşhur “İstisu”yunda mi­neralların çox olması onu təbii süfrə suyun­dan fərqləndirir. Bu su tərkibindəki kimyə­vi elementlərə görə müalicəvi əhəmiyyətə malikdir. Ona görə də “İstisu”dan istifadə edərkən, bəzi məqamlara diqqət etmək la­zımdır. “İstisu”yun tərkibində dəmir, yod, fosfor, sink, mis, nikel, maqnezium, eləcə də yod-brom və yüksək miqdarda litium var. Bu maddələrin çox olması onların bir çox xəstəliklərin müalicəsində faydalı ol­duğunu göstərir. Əsasən, mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlarla bağlı şi­kayətləri olanlar “İstisu”dan istifadə edə bilər.

Bu mineral suyun qəbulu ilə bir çox xəstəlikləri sağaltmaq mümkündür. Hətta onunla yuyunub bəzi dəri xəstəliklərinin də qarşısını almaq olar. “İstisu” tərkibin­dəki kalsium və maqneziuma görə, sümük və diş sağlamlığında da önəmli rol oyna­yır. Saçlarda kəpəklənmə probleminin də bu su ilə aradan qaldırıldığı təsdiqlənib. Oynaqlarda ağrı, eyni zamanda, dəridə qa­bıqlama, qızartı, hər hansı allergik reaksi­yalar zamanı da mineral su faydalıdır. Su, həmçinin dəri səpkilərinin quruyub daha tez zamanda sağalmasına kömək edur. Qan dövranının yaxşılaşmasında, yaşlılıqdan qaynaqlanan əzələ və oynaq ağrılarının aradan qalxmasında istifadə olunur.

– Gün ərzində bir insan nə qədər “İstisu” içə bilər?

– Suyun tərkibində mineralların həd­dindən artıq çox olması səbəbindən onu müəyyən qayda ilə içmək lazımdır. Əks halda, bu, böyrək problemlərinə gətirib çıxara bilər. Eləcə də, mədədə yanğı hissi­ni, mədə turşuluğunu artırar. Bəzən insan­lar bunu təbii süfrə suyu ilə qarışdırır, hər susuzlayanda içirlər. Ancaq “İstisu”yu gün ərzində bir, bəzən isə iki fincandan artıq içmək tövsiyə olunmur. Həmin suyu gündə bir litrdən artıq qəbul etdikdə orqanizmdə müəyyən ciddi fəsadlar yarana bilər. Xüsu­silə, xroniki xəstəlikləri, öd və böyrəyində daş olan insanlar sudan daha ehtiyatla isti­fadə etməlidirlər. 

Digər bir məqam isə ondan ibarətdir ki, “İstisu”yun tərkibindəki qaz təbii ol­duğuna görə orqanizm tərəfindən normal qəbul olunur. Bir çox insanlar isə bunu digər sənaye üsullu qazlı sularla qarışıq sa­lırlar. Sənaye üsulu ilə hazırlanan sularda qaz ağırlıq yaradır. Yaxud da həmin sudakı qaz daha sərt hiss olunur və ağıza müəy­yən dad gəlir. Amma təbii “İstisu”da qaz normal qaydada olduğuna görə, narahatlıq yaratmır, ağızda xoşa gələn yumşaq dad olur və ağırlıq hiss olunmur.

Z.HÜSEYNOVA
XQ

Seçilən
81
6
xalqqazeti.az

10Mənbələr