AZ

"3 saylı uşaq evi baş verənlərdən heç bir nəticə çıxarmayıb" - Jurnalistlər və ictimai xadimlərdən SƏRT tənqid

Bakı şəhəri, Xətai rayonunda yerləşən 3 saylı uşaq evi bir il sonra yenidən azyaşlılara şiddət və zorakılıq məsələləri ilə gündəmdədir. 3 saylı uşaq evindən qaçaraq yerli mətbuata açıqlama verən 13 yaşlı yeniyetmənin fikirləri sözügedən məsələnin yenidən araşdırılmasına səbəb olub.  Yeniyetmə iddia edir ki, sığınacaqda azyaşlılara qarşı ağır şiddət tətbiq olunur, onlara göndərilən ərzaq və qida məhsulları, həmçinin maddi yardımlar rəhbərlik və digər səlahiyyətli şəxslər tərəfindən mənimsənilir. Müvafiq qurumların və ya şəxslərin uşaqların vəziyyəti ilə maraqlanmaq üçün təşkil olunmuş ziyarətləri zamanı isə uşaqlar təhdidlə susdururlur. Xatırladaq ki, bu, 3 saylı uşaq evi haqqında yayılan ilk belə xəbər deyil.  Daha öncə də sosial şəbəkələrdə sözügedən uşaq evi ilə bağlı oxşar xəbərlər yayımlanmışdı və həmin uşaq evinin rəhbəri vəzifəsindən kənarlaşdırılmışdı.   Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxəbər.com" saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, 3 saylı uşaq evinin sadəcə rəhbərliyi deyil, bütün heyəti dəyişilməlidir: Hacıbəy "Mətbuatda və sosial şəbəkələrdə uşaq hüquqlarının pozulması halları ilə tez-tez  qarşılaşırıq. Təəssüflə qeyd edirəm ki, son günlərdə sözügedən məsələ yenidən mətbuatda işıqlandırıldı. Söhbət 3 saylı uşaq evindən gedir. Ötən il də 3 saylı uşaq evi şiddət və zorakılıq məsələləri ilə gündəmə gəlmişdi və həmin uşaq evinin rəhbərliyi vəzifəsindən azad edilmişdi. 
Hazırda Azərbaycan mətbuatında yer alan 13 yaşlı yeniyetmənin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu halların yenidən təkrarlanması 3 saylı uşaq evinin baş verənlərdən heç bir nəticə çıxarmadığının bariz nümunəsidir. Bu səbəbdən uşaq evlərində baş verən şiddət və zorakılıq hallarına qarşı daha diqqətli tədbirlər görülməli, həmçinin 3 saylı uşaq evinin sadəcə rəhbərliyi deyil, bütün heyəti dəyişilməlidir. Zənnimcə, Bakı şəhər icra hakimiyyəti bu məsələ ilə daha ciddi maraqlanmalıdır, çünki sadəcə rəhbərliyin dəyişdirilməsi kifayət etməyib, bütün kollektiv dəyişilməlidir.
13 yaşlı yeniyetmənin iddiaları araşdırılmalıdır və əgər onun söylədikləri həqiqəti əks etdirirsə bu, birbaşa cinayətdir. Uşaq evinin səlahiyyətləri şəxsləri yeniyetməyə həm fiziki həm də psixoloji şiddət tətbiq etmiş sayılırlar və hər kəs bilir ki, fiziki və psixoloji şiddətə məruz qalma bir müddət sonra intihar hallarına və ya başqa cinayətlərə gətirib çıxarır. 
Əlavə olaraq qeyd etmək istəyirəm ki, uşaq evlərində onlara əziyyət edən lakin reputasiyasını qaldırmaq üçün sosial mediada azyaşlıları üzü açıq şəkildə paylaşan insanların addımları qanuna olduqca ziddir. Bu kimi süni addımlar ataraq özlərini mələk kimi göstərməyə çalışan şəxslərin hərəkətləri heç bir halda qəbuledilməzdir.
Nəvaziş və sevgi göstərirmiş kimi videolar paylaşmaqla cinayətin qarşısını almaq mümkün deyil. Çünki Azərbaycan qanunları ilə irəliləyən bir ölkədir. 
Əminəm ki, sözügedən məsələ ilə bağlı həm müvafiq qurumlar həm də media nümayəndələri olduqca aktiv olacaq.
Ümumiyyətlə, bu kimi hallar uşaq evlərində tez-tez baş verir. Lakin bunu dilə gətirən uşaqların sayı çox olmur. 13 yaşlı yeniyetmənin ARB televiziyasına çıxış edərək etdiyi etiraflar isə çox mütərəqqi adım sayılır və ciddi şəkildə araşdırılmalıdır". Məsələyə Milli Məclisin VI çağırış deputatı Aqil Abbas da münasibət bildirib: Aqil "Mən uşaq hüquqlarının pozulmasının, onlara qarşı hər hansısa bir şiddət tətbiq edilməsinin qəti şəkildə əleyhinəyəm. Uşaq evlərində böyüyən azyaşlılar dövlətin himayəsindədir və dövlətin övladlarıdır. Onlara xüsusi nəzarət və həssaslıqla yanaşmaq ilk növbədə tərbiyəçilərin, daha sonra cəmiyyətin əsas vəzifələrindəndir və heç kəsin onlara şiddət göstərmək kimi bir hüququ yoxdur. Bu səbəbdən azyaşlılara qarşı tətbiq edilən zorakılıq, onlara göndərilən ərzaq məhsullarının ələ keçirilməsi, həmçinin şəxslərin öz mənafeyi uğruna uşaqların şəkil və videolarından istifadə edib, onları sosial mediada paylaşması qanuna ziddir və bu əməli törədən şəxslər mütləq cəzalandırılmalıdır".   Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Humay Axundzadə bildirib ki,  uşaq evlərində əlavə nəzarət vasitələri, ictimai şura, ictimai nəzarət qrupu, bu məsələyə həssaslıqla yanaşan insanlardan ibarət mexanizmlər formalaşmalıdır: Ferdlerin "İctimai yerlərdə böyüklərin uşaqlarla rəftarına diqqətlə nəzər yetirsək görərik ki, bir çox hallarda şiddət yolverilən münasibət forması, nizam-intizama nail olma vasitəsi, tərbiyə üsulu kimi istifadə edilir. Bu hal çox təəssüfedicidir. Məsələyə ciddi ictimai qınaq formalaşdırmaq lazımdır. Hətta istənilən ictimai məkanda hər hansı bir ana belə öz övladına şiddət tətbiq edirsə, o zaman ətrafdakılar buna biganə qalmamalıdır. 
 Bu gün uşaq evlərində  vəziyyət daha acınacaqlıdır. Ora qapalı bir məkandır və dünya üzrə sosiolji qanunauyğunluğa əsasən deyə bilərik ki, qapalı məkanlarda zorakılıq və şiddət səviyyəsi daha yüksək olur. Çünki həmin yerlərdə  kənar müşahidə, müdaxilə və nəzarət məhduddur. Bu səbəbdən qapalı məkanlarda rəhbər vəzifədə olan şəxslərin mövqeyi həmin məkanlarda yaşayan azyaşlıların həyatına birbaşa təsir edir. Mən hesab edirəm ki, uşaq evlərində mütləq əlavə nəzarət vasitələri, ictimai şura, ictimai nəzarət qrupu, bu məsələyə həssaslıqla yanaşan insanlardan ibarət mexanizmlər formalaşmalıdır. Ümumiyyətlə, cəmiyyətdə uşaqlara qarşı zorakılıq və şiddətə qarşı dözümsüz münasibət olmalıdır.
Uşaq evlərində rəhbər vəzifəsində çalışan şəxslər bilməlidir ki, uşaqlar onların şəxsi mülkiyyəti deyil, həmin uşaqlar dövlətin himayəsindədir. Unutmasınlar ki, onlar həmin uşaqlara qayğı ilə nəzarət və qulluq etmək üçün vəzifəyə təyin olunublar. 
Onu da qeyd etmək istərdim ki, insanın şəxsi həyatı ilə bağlı qərarlar onun öz səlahiyyətində olmalıdır. Yəni uşaqlar böyüyüb həmin sığınacaqları tərk edəndə və öz müstəqil həyatlarına qədəm qoyanda orada böyüdüyünü cəmiyyətə və ətrafına açıqlamaq qərarını özü verməlidir.  
Əgər o hələ azyaşlıdırsa, kimsə öz şəxsi maraqları uğruna üzü açıq şəkildə onun şəkil və ya videolarını dövlətin icazəsi olmadan yayımlamamalıdır. 
Hər bir halda uşaqlara qarşı edilən zorakılıq qəbuledilməzdir və ciddi şəkildə araşdırılmalıdır".   Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə qeyd edib ki, uşaqlara qarşı fiziki və mənəvi şiddət tətbiq edən bütün şəxslər qanun qarşısında ən ağır şəkildə cəzalandırılmalıdır: Seymur "Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda uşaqların hüquqlarının pozulması hallarını yalnız uşaq evlərində deyil, ailədaxili münasibətlərdə də müşahidə edirik. Ümumiyyətlə, hüquq və qanun pozulması hallarını biz həm yetkinlik yaşa çatmış şəxslərin, həm də uşaqların həyatında müşahidə edirik. Lakin məsələ ondadır ki, yetkinlik yaşına çatmış şəxslər öz hüquqlarını müdafiə etmək qabiliyyətinə malikdir. Uşaq evlərində baş verən qanunsuz hadisələrlə isə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Çünki azyaşlıların özlərini müdafiə etmək üçün hər hansısa seçim imkanları və ümumi intellektual səviyyələri kifayət etmir.  Bu səbəbdən uşaqların hüquqları mütləq müdafiə edilməlidir. Əfsuslar olsun ki, hazırda dövlətin himayəsində olan və fərdi şəxslər tərəfindən idarə edilən uşaq evlərinin rəhbərlərinin hər biri heç də ədalətli və vicdanlı şəxslər deyil. Çünki orada uşaqlar şiddətlə üzləşir. Uşaqlara çatmalı olan qida və ərzaq məhsulları talan edilir, həmçinin digər neqativ hallara çəkinmədən yol verilir. Düşünürəm ki, mətbuat və cəmiyyət bu məsələdə həmfikir olmalıdır. Mətbuat sözügedən məsələlərin işıqlandırılmasına can atmalıdır. Çünki biz bu problemləri ictimailəşdirməklə günahkarların cəzalandırılmasına nail ola bilərik. Mən uşaq hüquqlarının pozulmasının qəti əleyhinəyəm. Harada və hansı müstəvidə baş verməsindən asılı olmayaraq uşaqlara qarşı fiziki və mənəvi şiddət tətbiq edən bütün şəxslər qanun qarşısında ən ağır şəkildə cəzalandırılmalıdır".       Fidan Əliyeva

 

Seçilən
46
manset.az

1Mənbələr