İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması məqsədilə sahibkarlardan və ictimaiyyətdən təkliflərin qəbuluna başlayıb.Ölkədə aparılan aparılan islahatlar, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, qabaqcıl dünya təcrübəsinə əsaslanan yeni vergi sisteminə keçid, vergi sisteminin səmərəliliyinin artırılması səbəbindən mövcud Vergi Məcəlləsinin yenilənməsinə zərurət yaranıb.Məcəllənin daha da rəqabətqabiliyyətli və anlaşılan olması, bir sıra məsələlərin detallı tənzimlənməsi və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Dövlət qurumundan verilən məlumata görə, hazırda təkliflər qəbul edilir və toplanıb, aidiyyəti üzrə təqdim olunacaq. Təkliflər çoxdur və hər birinə baxılacaq. Hazırda Məcəllənin strukturu işlənilir. Bu ilk təcrübədir ki, geniş şəkildə tədbiq olunur. Burada təkcə biznes subyektlərinin deyil, ictimaiyyətin də təklifləri qəbul edilir.Xidmətdən bildirilib ki, əlverişli biznes mühitinin yaradılması, dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması zəruridir. Hazırda qüvvədə olan Vergi Məcəlləsi 2000-ci ildə təsdiqlənib. Ötən 24 ildə Vergi Məcəlləsinə xeyli dəyişiklik edilib və təkmilləşdirilib. Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.Bəs, Vergi Məcəlləsində hansı struktur dəyişkliklərin edilməsinə, təkliflərin səsləndirilməsinə ehtiyac var?Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Vergi Məcəlləsi ilə bağlı təkliflər eşidilərkən əsas diqqət edilməli bir neçə məqam var:"İlk təklifim gömrükdən keçən mallar üçün ƏDV-nin ödənilməsinə görə sahibkarlara 3 aylıq möhlətin verilməsidir. Hazırda gömrüyü keçəndə əlavə dəyər vergisi alınır. Əlavə dəyər vergisi satış vergisidir. Burda söhbət rüsumlardan yox, alınan əlavə dəyər vergisindən gedir. Lakin belə olduqda faktiki olaraq hökumət sərhəddən keçən istehsal ilə məşğul olan sahibkardan vergi alır. Məsələn, istehsalçı sahibkar xaricdən material gətirir ki, burda istehsal ilə məşğul olsun. Bu vergi isə həmin sahibkarın əhəmiyyətli resurslarının dövlət tərəfindən alınmasına gətirib çıxarır. Sahibkarın dövriyyə kapitalında problem yaradır. Biri var satışdan qazanc əldə edib vergi vermək, bir də var satış üçün ölkəyə daxil edilənlərdən dərhal avans almaq. Düşünürəm ki, bu sahədə həm də xarici ölkə praktikasından yaralanmaq olar. Məsələn, Gürcüstan praktikası var. Bu praktikaya görə istehsal ilə məşğul olan sahibkar materialı ölkəyə gətirəndə vergi vermir, amma bunun əvəzində hökumət sahibkara 3 ay müddət verir. Bildirir ki, ən geci 3 ay ərzində vergini ödəməlisən. Bu da sahibkara imkan yaradır ki, məhsulunu satıb, pulunu toplayıb, vergini ödəyə bilsin. 3 aylıq möhlət bitəndən sonra sahibkar qazanc əldə edə bilməsə, vergini öz cibindən ödəməli olur". Ekspertin sözlərinə görə, Vergi Məcəlləsinə dəyişiklik edilərkən ikinci diqqət edilməli məsələ mənfəət və divident vergisi ilə bağlı olmalıdır:"Doğrudur, hökumət bu sahədə bir neçə addım atdı, dividentlər üzrə vergi dərəcəsini azaltdı, 5 faizə endirdi. Məni isə təklif edirəm ki, burda da xarici ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var. Pribaltika təcrübəsindən, Latviya və Litvada istifadə olunan təcrübədən yararlanmaq olar. Bu təcrübəyə əsasən, şirkət divident vermədikcə, mənfəət vergisini də verməyə ehtiyac olmur. Mənfəətlə dividenti birləşdirib, divident götürərkən ödəniş edilir. Bizdə də bu qaydanı tətbiq etmək olar. Əgər sahibkar öz pulunu biznesdə saxlayırsa, biznesin böyüdülməsinə şərait yaradırsa, pulu çəkmirsə, qazancını çıxarmırsa, bu zaman mənfəət və divident vergisi də verməmiş olsun. Nə vaxt pulunu çıxararsa, mənfəətlə divident vergisini birgə ödəsin. Bu isə sahibkarın biznesi böyütməsinə, pulunu çoxaltmasına maraqlı olmağa şərait yaradacaq. Hazırkı vəziyyətdə dividenti götürüb-götürməməkdən asılı olmayaraq, dərhal 20 faiz mənfəət vergisi verilir. Divident götürən zaman da 5 faiz vergi verməlidir. Sahibkar ilin nəticəsinə görə 20 faiz olan əsas vergini ödədiyinə görə, bu 5 faiz ona mane olmur. Düşünürəm ki, mənfəətlə divident birləşdirilib vergi dividenti götürəndə ödənilsə, sahibkar maraqlı olar ki, pulu biznesdə qalsın, biznesi böyüsün. Bu da əlavə iş yerləri deməkdir".Şəffaf vergi ödəyicilərinin problemlərinə də toxunan həmsöhbətimiz qeyd edib ki, hazırda Azərbaycanda vergi verənin biznesi uğursuz vəziyyətə düşür:"Biznesdə rəqabət belədir ki, kim vergi verirsə, xərci çoxalır, xərc çoxalırsa, qiymət də artır. Bu da sahibkarlar üçün ciddi başağrısıdır. Bir tərəfdən vergi vermək lazımdır, digər tərəfdən isə yaxşı vergi ödəyicisi xərc artımı ilə bağlı ciddi problemlə qarşılaşır. Doğrudur, bunu Vergi Məcəlləsi ilə bağlılığı olmasa da bu sahədə şəffaflaşma olmalıdır ki, yaxşı vergi ödəyiciləri bununla bağlı əziyyət çəkməsin". Qeyri-neft sektoru ilə bağlı edilən güzəştlər haqqında da danışan Xalid Kərimli qeyd edib ki, bu sahəyə edilən güzəştlərin müddəti 2026-cı ildə bitir:"Düşünürəm ki, işçi vergisi ilə bağlı bu müddətin uzadılması lazımdır. 2019-cu ildə 7 il güzəşt müddəti verildi. Bu 7 ildə şirkətlər və vətəndaşlar az işçi vergisi verdilər. Müddət 2026-cı ildə bitir. Hələ güzəştli dövrdə orta aylıq əməkhaqqı Qafqazlarda həm Gürcüstan, həm də Ermənistandan aşağıdır. Ona görə də belə vəziyyətdə güzəştli müddətin ən az 7 il uzadılması lazımdır". Günay İlqarqızı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta