İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin “Gələcəyin sammiti”ndə iştirak edir.
"Report" Mərkəzə istinadən xəbər verir ki, o, sammit çərçivəsində “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirinə məruzəçi kimi qatılıb.
Tədbirdə bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2025-ci ildə Braziliyada keçiriləcək COP30-a dair mühüm müzakirələr aparılıb. V.Qasımlı məruzəsində ekoloji problemlərin həllində qlobal çağırışlar, iqtisadi-siyasi islahatlar, davamlı inkişaf məqsədləri ilə bağlı məsələlərə toxunub. O bildirib ki, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq hər kəsin öhdəliyinə çevrilməli, karbon emissiyası azaldılmalı, “Yaşıl iqtisadiyyat”a keçid bütün sahələri əhatə etməlidir. Bu isə təşəbbüslərin artırılması və icra prosesinə keçidin sürətləndirilməsi ilə mümkündür. COP29 planının təşəbbüslərin artırılmasını nəzərdə tutan birinci istiqaməti bütün tərəfləri iddialı milli planlara və şəffaflığı təmin etməyə çağırır. İkinci istiqamət isə təşəbbüsləri akta çevirməyi, ekoloji dəyişikliyə adaptasiyanı qarşıya məqsəd qoyur.
V.Qasımlı bildirib ki, COP29 həm Paris Sazişi, həm də qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq: “Biz əsas diqqəti İqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nə (NCQG) yönəldərək COP29-da bütün əsas və aktual məsələləri həll etməliyik”.
Tədbirin sonunda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycanda Asiya İnkişaf Bankı ilə İİTKM-nın COP29 çərçivəsində keçirəcəyi tədbirdə iştirak niyyətlərini ifadə ediblər.