1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransa imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Belə ərazilərdən biri də Martinikdir. Amerika qitəsinə ayaq basandan sonra Fransa yerli xalqın əlindən hər şeyi alıb. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfranslarda dəfələrlə bu məsələyə toxunulub.
"Fransa bizim ruhumuzu da işğal edib. Amerika qitəsinə gələndən sonra hər şeyi əlimizdən aldı. Onlar müstəmləkəçilikdən, sadəcə, öz maraqları üçün istifadə etdilər. Bizimlə mebel kimi davrandılar, bədənimiz bizə aid deyildi. Ona görə də Fransa müstəmləkəçiliyi müstəmləkə siyasətinin ən ağırıdır", - Bakıda keçirilən tədbirdə vurğulanıb. Fransanın nəinki torpaqlarını, mədəniyyətlərini, azadlıqlarını əllərindən aldığı, iqtisadiyyata ziyan vurduğu da xüsusi qeyd olunub.
Ən dəhşətlisi odur ki, fransalı səlahiyyətlilərin tətbiq etdikləri zəhərli maddələr nəticəsində yerli əhalinin 90 faizi zəhərlənib və çox adamda xərçəng xəstəliyi yaranıb. Fransa bu məsələ ilə bağlı həkimlərə belə danışmağa icazə verməyib. Zəhərli olmasına rəğmən, Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdir zəhərlənib və xərçəng göstəriciləri dünyada ən yüksəkdir.
Martinik xalqının öz müqəddəratını təyinetmə hüququ pozulur
Bəli, bu gün Fransa Martinik xalqının öz müqəddəratını təyinetmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. Məsələn, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. 1541 (XV) saylı qətnaməyə əsasən, Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. 1946-cı il qanunsuz referendumu nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alıb. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq, Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınıb və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilib.
2003-cü il referendumu ilə nəticələr saxtalaşdırılıb və Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da gücləndirilib. Ardınca da 2010-cu il referendumu ilə Fransa Martinik xalqının iradəsinə zidd addımlar atıb və onların hüquqlarını daha da məhdudlaşdırıb. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayır. Fransa referendumların xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edir.
Beləliklə, Fransa müstəmləkə altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Fransaya təzyiq göstərməli, hüquq standartlarına hörmət etməsini tələb etməlidir.
Xalqın iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır
Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır. Martinik xalqının iqtisadi haqları ciddi şəkildə pozulur. Paris Martiniki məcbur edir ki, ticarəti ancaq Fransa ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr qurmasın. Bu da adada qiymətlərin hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edirlər, yerli əhali isə əziyyət çəkir.
Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli köçürülmüş ağdərili fransızlara verilir. Adanın sahibləri diskriminasiya olunaraq, iqtisadi yardımdan məhrum edilirlər. Sosial ədalət prinsipləri yerinə yetirilmir, yerli əhalinin hüquqları əllərindən alınır. Martinik xalqının ədalət və bərabərlik tələbləri repressiv tədbirlərlə boğulur. Bu repressiya müstəmləkəçilik məntiqinin davamıdır. Fransa dövlətinin müstəmləkə siyasəti isə Martinikdəki iqtisadi və sosial ədalətsizliyi artırır.
Beləliklə, Fransa yerli xalqın ləyaqətini alçaltmaq siyasəti tətbiq edir, insanlıqdankənar davranış sərgiləyir. İnsanlar da bu siyasətin qurbanı olur, aşılanan düşüncəyə inanırlar, gələcək nəslə də bu fikir ötürülür. Nəticədə də gənc nəsil bu düşüncədə, mədəniyyətdə, dünyagörüşündə yetişir. Belə olan halda onlar öz suverenliyini, müstəqilliyini anlamırlar. Bu da Fransanın xalqlar üzərində hegemonluğuna şərait yaradır. Fransanın apardığı siyasət nəticəsində yerli xalq özünü torpaqlarının sahibi hesab etmir. Bəs çıxış yolu varmı? Təbii ki, var. Yerli xalq olaraq itirilmiş hüquqları bərpa etmək üçün digər xalqlarla birlikdə hərəkət edilməlidir. Bu cür tədbirlər müstəmləkə altında olan xalqları birləşdirməkdə də rol oynaya bilər.
"Report" İnformasiya Agentliyi