AZ

Tarixi Zəfərlə Azərbaycan xalqının ən böyük arzusu gerçəkləşdi

Tarixi Zəfərə yol açan 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından 4 il ötür. 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.

Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Dünya hərb tarixində yeni səhifə yazan şanlı ordumuz bir çox məqamlara aydınlıq gətirdi. 30 il hüquq və ədalət kimi anlayışların əksər dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların maraqlarının arxasında dayanması Ermənistanın böyük iddialarla yaşamasına, özündə belə bir əminlik formalaşdırmasına səbəb olmuşdur ki, bu torpaqlar onlara məxsusdur. Çünki əgər kiçik dövlətlərə “ədalət, beynəlxalq hüquq” dərsi keçən əksər dünya gücləri bu məfhumları maraqlarına uyğun tətbiq edirsə, etmad mühitinin mövcudluğundan, hansısa problemin ədalətli həllindən danışmaq mümkün deyil. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, torpaqlarımızı istənilən yolla azad etməyə hazırıq.
Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin bu dərsləri unudan erməni silahlı qüvvələri növbəti təxribatı törətsələr də, belə ağır, tarixdə unuda bilməyəcəkləri dərsi gözləmirdilər. Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük Vətən müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri darmadağın etdi.
İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistana rəşadətli ordumuzun verdiyi “Qisas”, “Qətiyyətli addım” kimi dərslər də Silahlı Qüvvələrimizin artan imkanlarının, gücünün təqdmatı oldu. Silahlı Qüvvələrimiz ötən ilin 20 sentyabr tarixində suverenliyimizi tam bərpa etməklə müstəqillik tariximizin növbəti Zəfər səhifəsini yazdı. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı.
Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarixdə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən cənab İlham Əliyev müəllim və tələbə heyəti ilə görüşündə bildirdi ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir. O ki qaldı, antiterror əməliyyatının keçirilməsinə, burada da cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam Zəfəri ilə başa çatdı.
Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq.
Cənab İlham Əliyev sözügedən görüşdə bir daha bu çağırışı da etdi ki, əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Anar Nəbiyev
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri

Seçilən
66
50
sesqazeti.az

10Mənbələr