AZ

Avtomobillər Bakının ortasında öz-özünə niyə alışır…

Image

Fərid Həşimov: “İstehsal ili köhnə olan avtomobillər hər an bu təhlükə ilə üzbəüz qala bilər”

Son zamanlar avtomobillərin anidən alışıb-yanması halları tez-tez baş verir.  Hərəkətdə olan avtomobil anidən tüstüləyərək alışmağa başlayır. Yanğının səbəbi isə son ana qədər məlum olmur. Bu kimi hallara son vaxtlar Bakıda tez-tez rast gəlinir. Təbii ki, nəqliyyat vasitəsinin yanması onun sahibi üçün böyük yükdür.

Əgər adi qəzada avtomobili təmir etdirmək mümkündürsə, yanmış maşınlarda bu mümkün deyil. Avtomobili zibilxanaya atmaqdan başqa çarə qalmır. Yanmış avtomobilin ehtiyat hissələrinin satışı da mümkün olmur, onu, sadəcə, “metalloma” vermək olar.

Maraqlıdır, avtomobillər qəfildən niyə yanır?

“Avtomobillərin alışıb-yanmasının 90 faizində səbəb elektrik sisteminə müdaxilədir” 

Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, avtomobillərin yanma hadisələrinin sayının artması müxtəlif səbəblərlə bağlıdır: “Avtomobilin alışıb-yanmasının 90 faizində səbəb elektrik sisteminə müdaxilədir. Həmçinin elektrik sisteminə vaxtında qulluq göstərilməyəndə bu cür faktlar olur. Bəzən xaricdən elə avtomobillər gətirilir ki, onlar sel suları altında günlərlə qalan avtomobillər olur. Bu da avtomobilin elektrik naqillərində eroziya yaradır və yanmaya səbəb olur. Yanmalara daha bir səbəb də avtomobillərə əlavə avadanlıqların quraşdırılmasıdır. Avtomobillərə elektriklə işləyən əlavə cihazların qoşulması zamanı naqillərin yanlış qoşulması, onların dözümlülük dərəcəsinin nəzərə alınmaması, hansı naqilin hansı cərəyan şiddətini saxlaya bilmə gücünün təyin edilməməsi və başqa səriştəsizliklər sistemdə ciddi problemlər yaradır. Nəticədə avtomobilin elektrik şəbəkəsində həddən artıq yüklənmə, ya da boşluqlar meydana gəlir ki, bu da qısaqapanmalara səbəb olaraq avtomobilin alışıb yanması ilə nəticələnir. İstehsal ili köhnə olan avtomobillər hər an bu təhlükə ilə üzbəüz qala bilər. Eyni zamanda, xarici ölkələrdən gətirilən avtomobillər mütləq şəkildə servislərdə ustaların nəzarətindən keçməlidir. Xüsusilə elektrik naqillərinin yoxlanılması vacibdir. Avtomobilin izolyasiya bağlantısına ciddi nəzarət etmək lazımdır. Yay mövsümündə isti hava şəraiti ilə əlaqədar hər kəs kondisionerlərdən istifadə edir. Kondisioneri işlək vəziyyətdə olan nəqliyyat vasitəsini nəzarətsiz qoymaq olmaz. Əgər maşında kiçik alışma baş verirsə, sürücü özünü itirməməli və tez həmin balonla yanğının qarşısını almalıdır. Öncə mühərrik sondürülməlidir. Sürücü bacara bilsə, elektrik açarını akkumulyator batareyasından ayırmalıdır ki, elektrik şəbəkəsi işləməsin”.

Günel CƏLİLOVA





Seçilən
25
7
baki-xeber.com

9Mənbələr