Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
II yazı
“Feyk xəbər” və onun ən zərərli tiplərindən sayılan dezinformasiyanın sürətli artımının səbəbləri barədə danışarkən, 3 mühüm amil önə çəkilir. Onlardan biri də internet informasiya resurslarının kəmiyyət və forma baxımından çoxalmasıdır. Analitik mərkəzlər qeyd edirlər ki, yeni media alətlərinin, xüsusilə, sosial şəbəkə platformalarının inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır.
Almaniya Federativ Respublikasında “saxta xəbər”in artmasının səbəblərinə baxış bucağı böyük mənada belə amilin üzərində köklənib. Bu ölkədə dezinformasiyaya qarşı mübarizə tədbirləri ilə sosial şəbəkə platformalarının tənzimlənməsi qaydaları arasında bərabərlik işarəsi qoyulur. Təsadüfi deyil ki, Federativ Respublikada qəbul edilmiş “Sosial şəbəkələrdə qaydaların tətbiqi qanunu” sadələşdirilmiş formada həm də “Şəbəkə Mühafizəsi Aktı”, yaxud “Facebook Aktı” adlandırılır.
2018-ci ilin yanvar ayında qüvvəyə minmiş qanunun preambula hissəsində qeyd edilir ki, o, saxta xəbərlər, nifrət nitqi və dezinformasiya ilə mübarizə aparmaq məqsədi daşıyır. Beləliklə, Almaniyada dezinformasiya ilə mübarizə qanunu həm də sosial şəbəkə platformalarında ictimai mənafe naminə qaydaların tətbiq olunmasını ehtiva edir.
Qanun sosial şəbəkə platformalarının provayderləri qarşısında saxta xəbərə qarşı mübarizə aparmaq öhdəliyi yaradır. Bu məqamda Almaniyada yaradılıb tətbiq edilən və saxta xəbərə qarşı mübarizəni ehtiva edən qanunlar digər ölkələrdəki analoji qanunlardan fərqlənir. Belə ki, Almaniyada qanunlar saxta xəbəri istehsal edən mənbədən daha çox, saxta xəbərin yayılmasına şərait yaradan sosial şəbəkə provayderlərini cəzalandırır. Bu, dezinformasiyaya qarşı mübarizədə tətbiq edilən yeni bir model, yeni bir metodologiyadır.
Almaniyada “Şəbəkə Mühafizəsi Aktı” istifadəçilərinin sayı 2 milyon nəfərə çatmış bütün sosial şəbəkə platformalarına tətbiq edilir. Əsas tələbi budur ki, istifadəçi sayı qeyd edilən həddə çatmış platformalar Almaniyada öz ofislərini açmalı, müraciətlər/şikayətlər üçün əlçatan olmalı, saxta xəbərin qarşısını almaq üçün çevik mexanizmlər tətbiq etməlidirlər.
Qanunun tələbinə görə, provayderlər saxta xəbər üzrə şikayətlərə baxılması üçün şəffaf prosedur yaratmalıdırlar. Bu yöndə sənədləşmə aparmaq və hesabat vermək öhdəliyi daşıyırlar. Onlar şikayətləri dərhal yoxlamalı, şikayət doğuran məzmunu 24 saat ərzində silməli, saxta olduğu mübahisə doğuran xəbərləri isə ən azı 7 gün ərzində bloklamalı, mübahisə bitdikdən sonra silinib-silinməməsinə qərar verməlidir.
Qanunun tələblərindən biri də budur ki, şəbəkə provayderləri qəbul edilmiş qərarlar barədə həm şikayətçiləri, həm də ümumilikdə istifadəçiləri dərhal məlumatlandırılmalıdırlar. Tələbə əsasən, onlar hər 6 aydan bir hesabat verməli, daxil olan şikayətlər və onların necə həll edilməsi barədə məlumat təqdim etməlidirlər. Qaydaları pozanlar pozuntunun tipinə uyğun olaraq 500 min Avrodan 50 milyon avroya qədər məbləğdə cərimə oluna bilərlər.
Almaniya Federativ Respublikası “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” ilə yanaşı, həm də “Rəqəmsal Xidmətlər haqqında Qanun” qəbul edib və orada da saxta məlumatla mübarizə üzrə müddəalar nəzərdə tutulub. Paralel olaraq, bu qanunların icrasına nəzarət etmək üçün inzibati qurum müəyyənləşdirilib. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” nun 4-cü maddəsinə əsasən, nəzarətedici inzibati orqan missiyası Federal Ədliyyə İdarəsinə (FƏİ) həvalə edilir. FƏİ sosial şəbəkə provayderinin bu qanunların müddəalarını pozduğunu müəyyən edərsə, provayderə qarşı lazımi tədbirlər görmək səlahiyyətinə malikdir. Federal Ədliyyə İdarəsi ilə yanaşı, Almaniya Daxili Kəşfiyyat Xidməti və “Media Orqanlarının Birgə Ofisi” də sosial şəbəkələrdə aşkar edilən dezinformasiya hallarına qarşı tədbirlər görmək səlahiyyətini özlərində saxlayırlar.
Qeyd edək ki, 2019-cu ilin iyul ayında “Facebook” qeyri-qanuni məzmunla bağlı şikayətlərə çevik reaksiya vermədiyi üçün Almaniya Federal Ədliyyə İdarəsi tərəfindən 2 milyon avro məbləğində cərimələnib. Ədliyyə İdarəsi bildirib ki, “Facebook” öz istifadəçilərinin paylaşımlarında icma standartlarının pozulmasına dair hesabatları da tərtib etməyib.
Məlumat üçün bildirək ki, əksər beynəlxalq təşkilatlar Almaniyada tətbiq edilən qanun barədə tənqidi fikirlər səsləndiriblər. Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Reportyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumuna – Ədliyyə İdarəsinə həvalə edir. Beləliklə, qanunda “Facebook” və “Google”-dan saxta olub-olmaması mübahisə doğuran məzmunu bloklamaq tələb olunur.
Fransa Respublikası da dezinformasiyaya qarşı mübarizə tədbirlərinin hüquqi-inzibati yolla tənzimlənməsi modelini tətbiq etmiş dövlətlər sırasında ilk yerlərdən birini tutur. 2005-ci ildən etibarən, ölkədə bu missiya İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Mərkəzi İdarəyə (DCSSI) həvalə edilir. İdarə özünün digər təməl funksiyalarını yerinə yetirməklə yanaşı, həm də “yalan xəbər”ə qarşı mübarizə tədbirləri görmək üzrə səlahiyyətləndirilib. 2009-cu ildə DCSSI-nin fəaliyyəti təkmilləşdirilib. Onun bazasında Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) formalaşdırılıb. Dezinformasiya ilə mübarizə tədbirləri də bu agentliyin koordinasiyasına verilib.
Prosesin gedişində dezinformasiya ilə mübarizə sahəsində ixtisaslaşmış, mütəxəssislərdən ibarət əlahiddə mərkəzin yaradılması zərurəti ortaya çıxıb. 2017-ci ildə keçirilmiş prezident seçkilərindən sonra bu təklifin üzərində xüsusilə dayanılıb. ANSSI təklif edib ki, Fransada milli siyasəti xarici rəqəmsal təhdidlərdən qorumaq, dezinformasiyalardan müdafiə olunmaq üçün yeni idarə yaradılsın. İdarənin xaricdən yönləndirilən manipulyasiya xarakterli informasiyaları aşkar etməklə yanaşı, həmin informasiyaları resurslardan silmək səlahiyyətinə malik olması da istənilib. Verilmiş təkliflərin yekunu olaraq, ölkədə Milli Müdafiə və Təhlükəsizlik üzrə Baş Katibliyin nəzdində əlahiddə idarə - Xarici Rəqəmsal Müdaxiləyə Qarşı Sayıqlıq və Mühafizə Xidməti (VIGINUM) yaradılıb.
VİGİNUM geniş səlahiyyətlərə malikdir. O, dövlət qurumları arasında informasiya təhlükəsizliyi üzrə koordinasiyaedici mərkəzdir. Dezinformasiyanın yayılması yolları üzrə tədqiqatlar aparır, dövlət müəssisələrinə yalan məlumatlardan mühafizə olunmaq üçün məsləhətlər verir. Mərkəz sosial media platformalarının milli seqmentini nəzarətdə saxlayır. Dezinformasiyalar müəyyən etdikdə, bu tip məlumatların aradan qaldırılması üçün tədbirlər görmək səlahiyyətinə malikdir.
Fransa hökuməti dezinformasiyaya qarşı mübarizə üzrə inzibati qurumlar yaratmaqla yanaşı, həm də bu sahədə sərt qanunvericilik bazası formalaşdırıb. 2018-ci ildə “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” (Təkliflər paketi) Milli Assambleyada müzakirəyə çıxarılıb. Bu təkliflər ölkədə informasiya dövriyyəsinə aidiyyatı olan qanunların yeniləşdirilərək, dezinformasiya ilə mübarizə tədbirlərinə uyğunlaşdırılmasını nəzərdə tutub. Dəyişikliklər “Rabitə haqqında 1986-cı il tarixli Qanun”u, “Rəqəmsal iqtisadiyyat haqqında 2004-cü il tarixli Qanun”u, “Audiovizual yayım haqqında Qanun”u, “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli Qanun”u, “Seçki Məcəlləsi”ni və digər hüquqi aktları əhatə edib. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələri dəyişdirilərək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, seçki prosesi dövründə dezinformasiya xarakterli məlumatların yayılması qadağan edilir. Bu qadağaları pozanları 1 illik həbs cəzası və ya 75.000 avro məbləğində cərimə gözləyir.
Fransada qəbul edilmiş “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” sosial şəbəkə platformalarını da əhatə edir. Sosial şəbəkə platformaları, internet axtarış sistemləri, xəbər portalları və digər onlayn informasiya resursları “yalan məlumatlar”ın yayılmasının qarşısını almaq üçün mexanizmlər qurmaq üzrə öhdəlik daşıyırlar. Sistem administratorları, xidmət təminatçıları öz üzərlərinə saxta hesab olunan məlumatları nəzarətdə saxlamaq, bu yöndə müvafiq dövlət orqanlarını xəbərdar etmək vəzifəsi götürürlər.
Yeniləşmə paketinə əsasən, Ali Audiovizual Şura qarşısında da yeni öhdəliklər yaranır. “Audiovizual Kommunikasiyalar Qanunu”na edilən dəyişikliklərdən sonra Ali Audiovizual Şuraya səlahiyyət verilir ki, xaricdən idarə olunan dezinformasiya tipli məlumatlar qeydə alındığı andan dərhal sonra həmin məlumatı yayan televiziya/radio xidmətinin yayımını dayandırsın.
Özündə dezinformasiyaya qarşı mübarizə tədbirlərini ehtiva edən bütün bu dəyişikliklər “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı qanun” adı ilə 2018-ci ilin dekabr ayında qəbul edilib.
Aydınlıq yaranması üçün qeyd edək ki, “İnformasiya manipulyasiyalarının qarşısının alınması haqqında Qanun”un özündə saxta xəbərlərin yayılmasını qadağan edən müddəalar yoxdur. O, informasiya yayımına aidiyyatı olan digər qanunların yeniləşdirilməsini, dezinformasiyaya qarşı mübarizə aparılması üçün yeni maddələr əlavə olunmasını ehtiva edir. “İnformasiya manipulyasiyalarının qarşısının alınması haqqında Qanun”un 2018-ci ildə qəbul edilməsindən sonra ölkədə informasiya yayımına aid olan hüquqi aktlar yenilənib. Dezinformasiyaya qarşı inzibati tədbirlər görülməsi üçün hüquqi zəmin yaradılıb.
Fransa parlamenti dezinformasiyaya qarşı mübarizəni təkmilləşdirmək məqsədilə yeni qanunların qəbul olunması prosesini davam etdirir. Yeni qanunlar xüsusi olaraq sosial şəbəkə platformalarını əhatə edir. 2020-ci ilin may ayında qəbul edilmiş “Nifrət nitqi haqqında qanun” sosial media şirkətləri qarşısında tələb qoyur ki, saxta, qanundankənar informasiyaları, o cümlədən, nifrət nitqlərini 24 saat ərzində silib dövriyyədən çıxarsınlar. Bu prinsipi pozan siosial şəbəkə platformaları 1,25 milyon avroya (1,36 milyon dollar) qədər cərimələnə bilərlər.
Analitik mərkəzlər iddia edirdilər ki, informasiyanın manipulyasiyasına qarşı mübarizə qanunu Fransada demokratiya üçün təhlükə yaradır, mətbuata qarşı senzuraya yol açır. “Evronews” yazır ki, Fransa parlamenti hakimlərə seçki kampaniyaları zamanı “saxta xəbərləri” dərhal silmək üçün səlahiyyət verməklə ifadə azadlığını pozur, tənqidi səsləri susdurmağa şərait yaradır. Çünki, ani məqamda “saxta xəbərlə” “tənqidi fikri” fərqləndirmək, hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirmək çətindir: “Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də tənqidi fikirlər dövriyyədən çıxarılsın”.