Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolununun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın 2019-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib.
Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb.
QH tərəfindən, həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb.
Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub.
Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq bildirilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.