Siqaret istifadəsi insanların əziyyət çəkdiyi vərdişlərdən biridir. “Bir dəfə çəkim heç nə olmaz” deyə atılan bu addım sonda asılılığa səbəb olan yola aparır. Bu asılılıqdan xilas olanlar olsa belə, onun qurbanına çevrilən, xəstəliklər qazananlar da az deyil. Siqaretdən qurtulmaq üçün bir çox yoldan istifadə edirlər ki, bu yollardan biri də elektron siqaret istifadəsidir.
Son zamanlar elektron siqaretdən istifadə edənlərin sayında artım müşahidə olunur. Daha çox isə yeniyetmə və gənclər elektron siqaretə üstünlük verirlər.
Buna səbəb nədir? Elektron siqaretin hansı zərərləri var?
Günay Kərimi: İnsanlar elektron siqaretlərin daha az təhlükə daşıdığına inanaraq özlərini aldadırlar
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, bəzən insanlar pis vərdişlərdən əziyyət çəkirlər.
Onun sözlərinə görə, iradəsi zəif və psixoloji probemləri olan bəzi insanlar zərərli vərdişlərə meyl edir ki, uzun müddətli istifadə də asılılıqların yaranmasına yol açır və bu pis vərdişlərə siqareti, eləcə də elektron siqareti aid etmək olar.
Siqaretin insan sağlamlığına zərərlərinin olduqca çox olduğunu deyən müsahibimiz nəzərə çatdırıb ki, ölkəmizlə bərabər dünyada bu vərdişdən əl çəkə bilməyən, asılılığını yaşayan insanlar günü-gündən çoxalır və bu hal yeniyetmələr arasında da yayılmaqdadır:
“Bəli, son zamanlar xüsusilə də yeniyetmə və gənclər arasında elektron siqaretə olan maraq daha da çox özünü göstərməkdədir. Sanki dəb halını alıb”.
G.Kərimi qeyd edib ki, insanların bir qismi elektron siqareti adi siqaretdən əl çəkə bilmədikləri üçün istifadə etdiklərini deyir və zərərsiz olduğunu düşünürlər ki, bu yolla da sağlamlıqlarını qoruduqlarını hesab edirlər. Bildirib ki, amma bunun əskinə mütəxəssislər onun heç də zərərsiz olduğunu söyləmirlər və siqareti tərgitməyə kömək olduğunu qəbul etmirlər:
“Belə çıxır ki, insanlar elektron siqaretlərin daha az təhlükə daşıdığına və onu tərgitməkdə kömək ola biləcəyinə inanaraq sadəcə özlərini aldadırlar. Həkimlərimiz onun tərkibinin ən az siqaret qədər insan sağlamlığına zərərli olduğu söyləyirlər. Ona görə də bilmık lazımdır ki, hər iki siqaret insan ömrünü qısaldan, xəstəliklərə səbəb olan və ölümə aparan yoldur. Siqaret istifadəsindən isə elektron siqaret vasitəsi ilə deyil, sadəcə şəxsi iradənin gücü ilə imtina etmək mümkündür”.
Sübhan Hacıyev: Elektron siqaretlərin tərkibindəki kimyəvi maddələr xərçəngə səbəb olan hüceyrələr yaradır
Terapevt Sübhan Hacıyev də Bakıvaxtı.az-a bildirib ki, insanlar son zamanlar siqareti atmaq məqsədi ilə elektron siqaretlərə üz tuturlar ki, bu da fərqində olmadan yağışdan çıxıb, yağmura düşməklə nəticələnir.
Terapevt nəzərə çatdırıb ki, elektron siqaretlərin tərkibindəki kimyəvi maddələr, xüsusən də nikotin, etilenqlikol, propilen kimi zərərli maddələr çəkilən zaman isinir və xərçəng yaradan hüceyrələrin yaranmasına gətirib çıxarır.
Bütün bunlarla yanaşı tənəffüs yolu allergik xəstəliklərin də qıcıqlanmasında bilavasitə iştirak edir. S.Hacıyev izah edib ki, bu zaman həm üst, həm alt tənəffüs yollarında olan qıcıq reseptorları oyanaraq bronxial astması olan xəstələrdə astmatik tutmaların artması, allergik farengit və yaxud allergik rinit olan xəstələrdə bu problemlərin daha qabarıq formada üzə çıxmasına gətirib çıxarır:
“Bu elektron siqaretləri çəkəndən bir müddət sonra bu maddələr qana keçdikdə böyrəküstü vəz tərəfindən atılan kortizol hormonu damarlarda ciddi şəkildə daralmaya gətirib çıxarır və nəticədə arterial təzyiqin artması baş verir. Bundan başqa piylənmə kimi xəstəliklərə yol açmış olur. Eyni zamanda biz bilirik ki, nikotinin bütün növləri ağciyərlərdə xroniki iltihaba gətirib çıxara bilən əsas faktorlardan biridir. Bütün bunları nəzərə alaraq elektron siqaretin verdiyi zərərlər çox olduğu üçün insanlara qətiyyən tövsiyə olunmur”.