Hava bu gün tutqun olsa da, özünəməxsus sakitliyi ilə diqqət çəkirdi. Bu səssizlik mənə eyni vaxtda həm kədəri, həm də qürur hissini yaşayan şəhid ailələrini xatırladırdı. Bəlkə də yolum Fəxri xiyabana idi deyə, bu haqda daha çox düşünməyə başlamışdım..
Bu gün Fəxri xiyabanda xüsusi bir izdiham var idi, hər vəzifədə, hər yaşda, hər statusda insanlarla qarşılaşmaq mümkün idi. Onların hamısı 1 il əvvəl xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan Əkrəm Şadmanovun xatirəsini anmaq üçün bura toplaşmışdı. Hər kəsin gözündəki kədər hadisələr dünən baş vermiş kimi təzə idi, hər kəs eyni kəlməni söyləyirdi: “Biz qəhraman itirmişik!”.
Bu sözü hər kəs fərqli başa düşərək deyirdi. Uşaqlar üçün o, nağıllardakı qəhrəman, döyüş yoldaşları üçün vətən naminə həyatını qurban şəhid, ailəsi üçün isə ata, yoldaş, övlad, qardaş idi. Kimin necə tanımağından aslı olmayaraq, sağlığından onu tanıyan hər kəsin qəhrəmanına çevrilmişdi. Onu tanımayan adamların qəhrəmanına isə 24 sentyabrda çevrildi...
Müdafiə Nazirliyinin əməkdaşları tədbirin yüksək səviyyədə təşkilinə çalışmışdılar. Şəhidimizin anım mərasimində kədər və qürurun birləşdiyi dəqiqələri tutqun hava tamamlayırdı, sanki hisslər təbiətin bir parçasına çevrilmişdi...
Kədərin hökm sürdüyü 1 dəqiqəlik sükutun ardınca qürurun melodiyası – Dövlət Himnimiz səsləndi. Sükutu hər məzarın başında olan bayraqların şiddətlə dalğalanması da pozdu, sanki torpağa tapşırılan cisimlər, uğrunda öldükləri Himn üçün bayrağa çevrilib dalğalanırdı, sanki digər şəhidlərimiz də Əkrəm Şadmanovu bu cür yad edirdi...
Məzar ətrafına toplaşanların göz yaşı qeyri-ixtiyari axmağa başladı, məzar güllərlə bəzədildi, ən gözəl xatirələrdən danışıldı.
Şəhidin həyat yoldaşı Gülşən Rəhimova danışdıqca, onun nə qədər güclü qadın olduğu anlaşılırdı:
“Mənim yoldaşım üç döyüşdən keçdi, o, 23 ilin zabiti idi, Əkrəmin peşə olaraq hərbçiliyi seçməsinə səbəb vətəni sevməyi idi. 20 illik xidmətini başa vurduqdan sonra Ordudan uzaqlaşa da bilərdi, amma uzaqlaşmadı. 44 günlük döyüş magistr təhsili aldığı halda könüllü getmişdi, qəlpə yaraları alıb sağalandan sonra xidmət yerinə qayıtdı. Qisas əməliyyatında, lokal antiterror əməliyyatında aktiv iştirak etdi. Sentyabrın 19-u günü biz onunla əlaqə saxladıq, danışdıq, dedi ki, hər şey yaxşı olacaq, əməliyyat heç bir gün çəkməyəcək. Doğrudan da heç bir gün çəkmədi, ayın 20-də qələbə xəbərini aldıq, buna baxmayaraq düşmən öz xainliyindən qalmadı. 24-ü günü Əkrəm postları yoxlamağa gedərkən tank əleyhinə minaya düşərək şəhid oldu. Bizim üçün çox ağırdır, əzizini itirmək, ailə başçısını itirmək çətindir. Əkrəm haqqında çox şey danışmaq olar. Onun şəhid olmasından 1 il ötüb, bu acını övladlarımla birlikdə hər an yaşayırıq. Amma onu da bilirik ki, Əkrəm şəhid olmasaydı, torpaqlarımız azad olmazdı. Buna görə qürurluyuq, onu itirdiyimiz üçün isə kədərliyik. Bu gün Xocalıda, Xankəndidə prezidentimiz çıxış edirsə, bu bizim üçün qürurdur.
Onunla sonuncu dəfə 24-ü səhər-səhər danışdıq, həmin gün evə gəlməliydi. Günorta da zəng edib danışdı, sanki hiss edirdi şəhid olacaq, çox danışırdı, süfrə qurmuşdum ki, gələcək. Axşama yaxın bizə dalbadal zənglər gəlməyə başladı, qeyri-ixtiyari qızıma dedim ki, internetə atanın adını yaz, qızım telefona baxıb dedi ki, ana inşallah yalan olar, yazılıb ki, atam şəhid olub. Biz buna inanmasaq da, gecə saat 3-də tabutu qarşımızda gördük. Onun bu vətənə əmanət iki övladı var, Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.
Əkrəm Şadmanovdan danışan döyüş yoldaşları, əsgərləri onun şəxsi keyfiyyətlərindən, mərdliyindən, cəsarətindən söz açırdılar. Bu xarakter şəhidin övladlarında da əks olunurdu. Oğlu və qızı kiçik yaşlarında olmalarına baxmayaraq üzərlərində böyük məsuliyyət hissi edərmişlər kimi, kədərin qürura qalib gəlməsinə icazə vermirdilər.
Əkrəm Şadmanovn qızı Solmaz: “Atamdan danışanda həmişə qürur hissi duyuram. O, təkcə bizim deyil, hamının qəhrəmanıdır. Vətənini çox sevirdi, həmişə deyirdi ki, torpaqlarımızı biz qorumasaq, kim qoruyacaq. Mən atamı ad günümdə gözlədim, çox istədim ki, yanımda olsun, amma gəlmədi. Onun üçün həmişə çox darıxacam”.
Oğlu Araz: “Mən bir qəhrəmanın oğluyam. Mənim adımı anam qoyub - babamın adıdır, atam da mənə həmişə “Ata” deyib çağırırdı. Mən onunla fəxr edirəm, o, çox cəsur döyüşçü idi. Şəhdi olmağına çox üzülürəm, amma eyni zamanda qürurliyam ki, artıq torpaqları tamamilə azad olunmuş ölkədə yaşayıram. Əgər atam və onun kimi digər şəhidlərimiz olmasaydı, biz azad ölkədə yaşaya bilməzdik”.
Bir qəhrəmanı yetişdirmək çətin olduğu kimi, onun ölüm xəbərini eşitmək qat-qat daha ağır olur. Bizim dəyərlər deyir ki, qəhrəmanlar bir evin deyil, ölkənin bütün fərdinə aiddir. Elə bu dəyərləri yaradan insanlar Əkrəm kimi qəhrəmanları böyüdüb, əks halda bu qədər ağır yükü daşımaq olmazdı.
Atası Yunus Şadmanov: “Mən bu gün şadam ki, Əkrəm II Fəxri xiyabanda uyuyur. Yəqin ruhi şahiddir ki, vətən üçün etdikləri, əməyi hədər getmədi. O, bütün döyüşlərdə şərəflə iştirak etdi, dövlətimizi terrorçulardan təmizlədi. Mən fəxr edirəm ki, şəhid atasıyam. Dövlətin müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Əkrəmin atasıyam”.
Anası Solmaz Şadmanova: “Ləyaqətli, şərəfli insan idi mənim balam, savadlı idi, vətəni üçün canını verdi, mən onunla fəxr edirəm.
Sel gələr dağlar qalar,
Bənd-bərə bağlar qalar,
Oğlu şəhid analar,
Ölüncə ağlar qalar.
Bayatı yazıram mən,
Dərdinə dözürəm mən,
Sən məzarda yatırsan,
qəmimlə gəzirəm mən”.
Şəhidin qardaş Bəxtiyar Şadmanov: “Vətən sağ olsun deyirəm! Ata-anamız bizi vətənin keşiyində durmaq üçün böyüdüblər. Biz qardaşımızla qürur duyuruq, şəhidlərimiz həmişə xalqının qəlbində yaşayacaq!.
Əkrəm Şadmanovun məzarına doğru irəliləyəndə, diqqətimi II Fəxri xiyabandakı ən son məzarın ona aid olduğu çəkdi. Sanki onun məzarı sipər rolunu oynayırdı, qeyri-ixtiyari olaraq düşünürsən ki, o şəhid olmasaydı, məzarlar daha çox olardı. Sağlığında əsgərlərinə olan yanaşması burada da özünü göstərirdi. Komandir olaraq döyüşlərə ən öndə atılan Əkrəm Şadmanovun məzarı da ölüm bir mesajdır.
Ruhun daim şad olsun, qəhrəman! Uğrunda həyatından keçdiyin vətən azad, müstəqil və bütövdür.
Arifə Kərimzadə