Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Azərbaycanın COP29 sədrliyi ilə “İqlim, sülh və insan mobilliyi” mövzusunda yüksək səviyyəli sessiya keçirilib. COP29-un prezidenti kimi Azərbaycanın və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi müzakirəyə BMT-yə üzv dövlətlərin təmsilçiləri, eləcə də dünya birliyi agentliklərinin nümayəndələri, səfirlər və diplomatlar qatılıblar.
Sessiyada IOM-un baş direktoru Emi Pop, COP29 sədrliyinin danışıqlar qrupunun müşaviri, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro və Münaqişələrin Həlli, Sülhməramlı və Sülh Quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin baş direktoru Əhməd Əbdül-Lətif çıxış ediblər.
Xüsusi tapşırıqlar üzrə səfir E.İskəndərov çıxışında bildirib ki, Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdir. Məhz buna görə COP29 ərəfəsində atəşkəs çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır. Səfir dünya əhalisinin artım müşahidə olunduğu ərazilərin həm iqlim dəyişikliyindən, həm də münaqişələrdən əziyyət çəkdiyini, bu baxımdan da Azərbaycanın COP29 prezidenti qismində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkil etdiyi tədbirin dünya ölkələri üçün praktiki dəstəyin təmin olunması məqsədi daşıdığını vurğulayıb.
Azərbaycanın təşəbbüsü ilə noyabr ayının 15-nin “Sülhə Yardım Günü” kimi müəyyən olunduğunu, həmin ərəfədə sülh mövzusunda Bakıda bir sıra silsilə təbirlərin keçiriləcəyini diqqətə çatdıran diplomatın sözlərinə görə, COP29 çərçivəsində “Bakı, İqlim və sülh mərkəzi” təsis ediləcək ki, bu da gələcəkdə iqlim dəyişiklikləri və sülh mövzusunda dünya ölkələrinə öz töhfəsini verəcək.
Sessiyada çıxış edən IOM-in baş direktoru Emi Pop Azərbaycanın sədrliyi ilə COP prosesində sülh gündəliyinin irəli sürülməsini yüksək qiymətləndirib. COP29 çərçivəsində bu məsələ ilə bağlı konkret nəticələrin əldə olunacağına əminliyini bildirən baş direktor xüsusilə həssas kateqoriyalardan olan dünya əhalisinə beynəlxalq yardımın vacibliyindən, iqlim dəyişikliyinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə yol açmaması üçün qabaqlayıcı tədbirlərin görülməsinin önəmindən bəhs edib. E. Popun sözlərinə görə, Dünya Bankının məlumatlarında qeyd olunur ki, əgər qabaqlayıcı tədbirlər görülməzsə, bir çox bölgələrdə davam edən iqlim dəyişiklərinin nəticəsi olaraq 2050-ci ilə qədər 60 milyon insan məcburi köçə məruz hala və iqlim miqrantı olaraq öz yaşadığı bölgələri tərk edə bilər. Bu da ciddi həyəcan siqnalı deməkdir.
Tədbirdə su qıtlığı, ərzaq təhlükəsizliyi və torpaqların deqradasiyası kimi iqlimlə əlaqəli yerdəyişmənin kritik səbəblərini ortaya çıxaran problemlərlə bağlı mühüm müzakirələr aparılıb. Bununla yanaşı, panel iştirakçıları cari çağırışlar haqqında fikirlər səsləndirib və tövsiyələr veriblər. Sessiyada əsas nəticəsi iqlim və sülh təşəbbüsləri arasında boşluqların doldurulması, birgə fəaliyyətlər vasitəsilə əlaqələrin gücləndirilməsi üçün platformanın tədqiqi ilə bağlı fikir mübadiləsi də aparılıb.
Müzakirələrdə Azərbaycanın COP29-a hazırlığı, Bakının ev sahibliyi edəcəyi beynəlxaq tədbirdə müzakirə oluncaq “İqlim, sülh və insan mobilliyi” mövzusunda iqlimin müxtəlif ölçüləri ilə kəsişən kritik qlobal problemlərin həllində ortaya qoyulacaq nəticələr də geniş müzakirə olunub.