““Azestetik Group” MMC artıq 17 ildir ki, kosmetoloji avadanlıqların xaricdən ölkəyə gətirilib satışı və servisi sahəsində fəaliyyət göstərir. Ölkədə sahibkarlara yaradılan şəraitdən yararlanaraq iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Bununla yanaşı, öndə olan vergi ödəyicisidir. Düzdü, bu uğurları qazanmaq elə də asan başa gəlməyib. Çətinliklər də olub, amma ayaqda qalmağı bacarıb. Bəli, inkişaf olan yerdə rəqabət də olmalıdır və təbii ki, sağlam rəqabət... Amma təəssüf ki, “Azestetik Group” son iki ildə digər rəqib şirkətlərdən birinin qara piarının hədəfindədir. Şər, böhtan, iftira, yalan və sair və ilaxır... Bu, qəbul edilən olmasa da, başa düşüləndir. Çünki, paxıllıq, xəbislik, “torba tikənlik” uğuru həzm etməyənlərin qanında həmişə olub. “Gücləri ancaq buna çatır”, - deyib, keçmişik. “Azestetik” şirkəti də belə düşünüb, belə edib - “bu da keçər” – deyib. Amma təəssüf ki, keçməyib. Bəzi media qurumları və cəmiyyətdə söz sahibi olan, nüfuzlu insanlar da bilərəkdən və yaxud bilməyərəkdən bu qara piarı başladanların məqsədləri üçün alət olublar. İctimaiyyətdə mənfi fikir yaratmaqla şirkətin fəaliyyətinə kölgə salmağa, bununla da yetinməyib,onu gözdən salmağa çalışıblar. İşin ən pis tərəfi isə təəssüf ki, buna qismən nail də olublar”.
Moderator.az-a bunu “Azestetik Group” MMC-nin media sözçüsü Elnarə Dərziyeva müsahibəsində bildirib. Onun sözlərinə görə, son aylar müxtəlif mətbuat orqanlarında “Azestetikə” qarşı aparılan“qara piar əməliyyatı”na “dur” deməyin vaxtı çoxdan çatıb. Qara yaxmaq, kimisə nüfuzdan salmaq, yalan böhtan söyləmək “Azestetik Group” MMC-nin səviyyəsinə uyğun olmadığından onlar bu yalan ittihamlara hüquqi mütəvidə cavab verməyi doğru sayıblar. Məhkəmə yolunu seçiblər. “Şirkət aylarla, günlərlə səbr etdib hakimlərin ədalətli qərarlarını gözlədi. Ancaq “qarayaxma” kampanyası səngimək bilmədi. Bu kampaniyaya daha şəxslər qoşuldu. Bunlardan biri də Azad İstehlakçılar Birliyinin sədri, ictimaiyyət arasında az-çox özünə, sözünə güvənilir insan kimi tanınan Eyyub Hüseynov da heç bir araşdırma aparmadan, fakta əsaslanmadan, dövlət qurumlarından rəsmi cavab almadan, sadəcə kiçik sahibkardan daxil olan hansısa bir şikayət ərizəsinə istinad edərək Nizamnaməsində göstərilən fəaliyyətə zidd mətbuatda və sosial şəbəkələrdə “Azestetik”lə bağlı ittihamlarla çıxış etməyə başladı. Beləliklə, Eyyub Hüseynovun məlum məqalədə Azestetiki ölkəyə “saxta avadanlıq” gətirən, ona “qanunsuz çip” yerləşdirən, guya nasaz aparatlarla insanları “yandıran, öldürən, əzab-əziyyət verən”, qəsdən maliyyə cinayətlərinə yol verən bir şirkət kimi göstərməsi, böhtan xarakterli çıxışları iki illik qara piarın kuliminasiya nöqtəsi oldu və Azestetik şirkətinin səbr kasasını daşırdı”
Jurnalistlərə hər zaman açıq olan “Azestetik Group” bu dəfə də onları bir araya toplayıb, həqiqətləri, faktlar və sübutlarla - qanunvericiliyə və məhkəmə qərarlarına istinadən göstərmək istədi. Buna görə də mətbuat konfransı keçirdi.
Mətbuat konfransı açıq elan edən “Azestetik Group” MMC- nin direktoru Rəşad Qasımov jutnalistləri salamladıqdan sonra bəzi mətbuat orqanlarının onlara qarşı birtərəfli mövqeyindən danışdı. Piblika.az saytında may ayında dərc etdiyi ““Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər” manşetli yazıda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun şirkətə qarşı əsassız iddialar irəli sürdüyünü bildirdi. AİB sədri ilə yanaşı yazını dərc edən media qurumu onlardan münasibət öyrənməyib, əsaslı araşdırma aparmayıb. Həmçinin, E.Hüseynovun bəzi youtube kanalında da eyni məzmunlu müsahibəsi yayımlanıb, bu dəfə də şirkətin mövqeyi həmin videomaterialda da yer almayıb.
“Bu əsassız, şər və böhtan xarakterli məlumatların yayılmasından sonra “Azestetik” şirkətinin nüfuzuna ciddi xələl dəyib.Məhsulların satış göstəriciləri 60 faizə enib. Bu isə şirkət üçün böyük itkidir”, - deyə R.Qasımov bildirdi.
Onun sözlərinə görə, E.Hüseynov sözügedən özəl qurumu Azərbaycana “saxta məhsullar”gətirməkdə, avadanlıqlara qanunsuz olaraq “cip yerləşdirmək”də, “maliyyə saxtakarlığı”na yol verməkdə ittiham edib, həm də əsassız, sübutsuz... Media tv-nin baş redaktoru Xaliq Rəşidoğlu “saxta avadanlıq”la bağlı məsələyə aydınlıq gətirilməsi üçün Eyyub Hüseynova sual verdi: “Azestetik” şirkətinin xaricdən saxta avadanlıqlar gətirdiyini demisiniz. Bunu necə müəyyənləşdirdiniz? Saxtalığı sübut edən hansısa sənədiniz, ekspertiza rəyiniz varmı?”. Bu suala AİB sədrinin cavabı belə oldu - “Mən bunu daxil olan şikayət əsasında demişəm”. Cavab qanedici olmadı. Çünki bu fikirlərlə böyük bir şirkətin nüfuzuna xələl gəlib, fəaliyyətinə kölgə salınıb.
Digər bir jurnalistin, “Avdanlıqların öldürdüyü, yandırdığı, əzab-əziyyət verdiyi iddiası ilə bağlı sizdə zərərçəkənlərin videogörüntüsü, şikayət ərizəsi necə, varmı?”, - sualına isə E.Hüseynov “Özümlə gətirməmişəm. Sonra göndərərəm”, - deməklə, kifayətləndi. Onun suallara bu cür etinasız cavabı, jurnalistlərdə təəssüf doğurdu.
“Azestetik” şirkətinin rəhbəri ittihamlarda öz əksini tapan “avadanlıqlara çip yerləşdirilməsi” məsələsinə də aydınlıq gətirib. “Öncə onu bildirmək istərdim ki, “Azestetik” şikəti tibbi və kosmetoloji avadanlıqları sahibkarlara kredit şərtləri ilə də təklif edir və gələcəkdə ödəmədən yayınma halları nəzərə alınaraq, müqaviləyə əsasən, GPS.AZ şirkəti tərəfindən məhsula çip yerləşdirilir. Kreditlər üzrə ödənişlərin dəfələrlə gecikdirilməsi və ya alınmış cihazın sonradan ehtiyat hissəslərinə ayrılaraq, yaxud tam vəziyyətdə üçüncü şəxslərə şifahi razılaşma ilə satılması hallarının qarşısını almaq məqsədilə cihazın fəaliyyəti kənardan, mülkiyyətçi satıcı tərəfindən dayandırıla bilər. Bu şərt açıq-aydın qanunvericiliyin qadağan etmədiyi qaydada müqaviləyə yazılır, tərəflərin azad iradəsi prinsipi rəhbər tutularaq imzalanır. Müştəri ödənişi tam həyata keçirdikdən sonra isə həmin çip cihazdan çıxarılır və ona heç bir borcun və çipin olmadığı barədə akt, arayış verilir”.
Mətbuat konfransında o da qeyd edildi ki, çiplərin kimisə izləmək məqsədilə qoyulduğu iddiası da tamamilə əsassızdır. Kreditə satılan məhsulun üzərinə bu çiplərin yerləşdirilməsi qanundankənar hal deyil, çünki məhsulun dəyəri tam ödənilənə qədər o şirkətin mülkiyyəti hesab olunur və şirkət ödəniş tam həyata keçirilənədək öz risklərini qanunla müəyyən edilmiş üsul və vasitələrlə qorumaqda tam haqlıdır. Qanuna gəlincə, satılan bu tip cihazlara çip yerləşdirilməsi ilə bağlı heç bir qadağa yoxdur. Ən azından bu məsələ indiyədək aidiyyatı dövlət qurumlarında qara piar aparan şirkət nümayəndəsi tərəfindən dəfələrlə səsləndirilmiş və dövlət qurumları burada qanunsuz hər hansı hal müəyyən etməmişlər.
“Azestetik Group”un direktoru Rəşad Qasımovun “Eyyub müəllim, çipin yerləşdirilməsi ilə bağlı sizin fikiləriniz mətbuatda narahatlıq doğurub. Deyin, jurnalistlər də bilsin, çipin hansısa avadanlığa yerləşdirilməsi qanunidir, yoxsa qanunsuz?” sualına isə Eyyub Hüseynov bir neçə ay əvvəl mətbuata verdiyi qorxulu fikirlərin əksi olaraq,“bilmirəm” deməklə kifayətləndi.
AİB sədri E. Hüseynovun səsləndirdiyi “Azestetik”ə qarşı “vergidən yayınır” və “başqa bir şirkətin əmtəə nişanını mənimsəyib” iddialarına isə şirkətin direktor müavini Əli Quluzadə aydınlıq gətirdi. Bildirdi ki, avadanlıq alan borclu sahibkarlar ödənişləri Rəşad Qasımovun şəxsi kart hesabına deyil, şirkətə köçürürlər. Daha sonra “Azestetik”in rəsmisi ödəmələrin köçürüldüyü çıxarışı və şirkətə məxsus kart hesabını jurnalistlərə təqdim etdi. Bununla da E.Hüseynov tərəfindən şirkətin vergi yayınması ilə bağlı dedikləri və mətbuatda yer alan fikirlərinin də əsassız, yalan olduğu sübuta yetirildi.
Rəşad Qasımov başqa bir şirkətin əmtəə nişanının mənimsənilməsi məsələsinə də aydınlıq gətirdi. “Guya biz kiminsə əmtəə nişanından qanunsuz olaraq istifadə etmişik. Bunun da heç bir əsası yoxdur. Biz üç ildir ki, həmin əmtəə nişanından Azərbaycanda istifadə edirik. Sadəcə, qeydiyyatı ilə bağlı bir az gecikmişdik, amma sonradan ilkinlik sənədlərini əsas gətirərək Əqli Mülkiyyət Agentliyinin Apeliyasiya Şurasına müraciət etdik. Həmin əmtəə nişanını qanunsuz əldə edən şirkətin nişana olan hüquqları ləğv edildi”, - deyə, o bildirib.
Onu deyək ki, “Azestetik Group”dünyanın 24 ölkəsindən 40-a yaxın şirkətin Azərbaycanda rəsmi nümayəndəsidir. Azərbaycanı 24 ölkədə təmsil edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şirkətin ölkədəki tərəfdaşları da elə kiçik sahibkarlardır. Bu halda maraqlı bir sual ortaya çıxır - Eyyub Hüseynov kimlərin hüquqlarını qoruyur? İstehlakçıların, yoxsa sahibkarların? Çünki özünün də dediyi kimi, ona müraciət edən şəxlər kiçik sahibkarlar olub. Mətbuat konfransında bu sualı onun özünə də ünvanlandı. AİB sədri istehlakçıların hüquqlarını qoruduğunu desə də, istehlakçı şikayəti ilə bağlı heç bir fakt ortaya qoymadı.
Beləliklə də, mətbuat konfransında həqiqətlər “Azestetik” şirkətinin lehinə oldu. Faktlar tək-tək, toplanan sənədlər əsasında aydınlaşdırıldı. İştirakçı media nümayəndələri də buna şahidlik etdi.
P.S:Onu da qeyd edək ki, Eyyub Hüseynovun da bilərəkdən və ya bilməyərəkdən iştirakçısı olduğu qara piar kampanyası aparan şirkətin direktoru barəsində təkzib və işgüzar nüfuza vurulmuş zərərə dair Bakı Kommersiya Məhkəməsi “Azestetik Group” MMC-nin xeyrinə qərar çıxarmış, iş hazırda apellyasiya instansiyasındadır. Eyyub Hüseynov tərəfindən “Azestetik” barəsində böhtan xarakterli iddiaların səslənməsinə səbəb olan və ona müraciət edən keçmiş müştəri barəsində də artıq Balakən rayon məhkəməsində CM-nin 147 və 148-ci maddələrinə əsasən, cinayət işi açılıb, məhkəmə işi davam edir.