Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli MEK-in mükəmməl elektron kitabxanaya doğru addımını yüksək dəyərləndirib. Akademiya rəhbəri bu baxımdan elektron kitabxana sahəsində aparılan işlərin birinci mərhələsinin təqdimatının əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli son dörd ay ərzində həyata keçirilən işlər nəticəsində Mərkəzi Elmi Kitabxananın elektron resurslarının həcminin on dəfə artdığını söyləyib. AMEA prezidenti son vaxtlar kitabxanada həyata keçirilən layihələri yüksək qiymətləndirib, eləcə də ikinövbəli iş rejiminin oxucuların istifadəsi baxımından önəmli hal olduğunu bildirib. Həmçinin bu aydan etibarən reallaşdırılan “MEK-in könüllüləri” layihəsinin təqdirəlayiq olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-nın ölkə üzrə vahid elektron sənəd dövriyyəsinə keçdiyini, o cümlədən AMEA-nın elektron arxivinin yaradılması istiqamətində addımlar atıldığını bildirib və yeniləşən akademiyada elektron hərəkatla bağlı əhəmiyyətli işlər görüldüyünü vurğulayıb.
Təqdimat mərasimində kitabxananın direktoru Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın yeni veb-saytı və zənginləşdirilmiş elektron kitabxananın məqsədləri barəsində geniş məlumat verib. Direktor qeyd edib ki, indiyədək MEK-in saytında e-kitabxanadan onlayn istifadə edilsə də, müəyyən texniki qüsurların mövcudluğu elektron xidmətlərin təkmilləşdirilməsinə böyük ehtiyac yaradırdı. Kitabxana istifadəçilərinin tələblərinə uyğun hazırlanan yeni saytda məlumatların sadə və əlçatan formada oxuculara təqdim edildiyini diqqətə çatdıran Hüseyn Hüseynov elektron kitabxananın 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərəcəyini bildirib. Beləliklə, dünyanın 80-dən çox nüfuzlu kitabxanasına da girişin əlçatanlığını xüsusi vurğulayıb.
MEK-in direktoru saytın ana səhifəsində başlıq hissədə Ulu Öndər Heydər Əliyevin kitabxana haqqında dəyərli fikrinin, “Kitabxana haqqında”, “Fəaliyyət istiqamətləri”, “E-xidmətlər”, “Media”, “Xidməti məlumatlar”, “Oxucuların nəzərinə” kimi bölmələrinin yer aldığını, eləcə də MEK tərəfindən reallaşdırılan “Açıq qapı” və “MEK könüllüləri” kimi layihələrin saytın əsas hissəsində olduğunu diqqətə çatdırıb. Direktor vurğulayıb ki, ilk dəfə olaraq kitabxananın veb-saytında yerləşən “İnformasiya” bölməsində süni intellekti vasitəsilə MEK-in fəaliyyət istiqamətləri haqqında audiovizual məlumat əldə etmək olar.
“Saytın “E-xidmətlər” bölməsindəki e-kitabxanada e-kitablar, tammətnli məlumat bazaları, avtoreferatlar, jurnallar, rəqəmsal kitabxanalar, xəritələr, yeni daxil olan kitablar, informasiya resurslarımız kimi hissələr mövcuddur. Həmin bölmələrdə dövlətçiliyə, Azərbaycan və dünya elminin inkişafına, mədəniyyət, incəsənət sahəsinə dair materiallar, alimlərin kolleksiyaları, qanun, fərman, sərəncam və digər sənədlərin mətnləri toplanıb, həmçinin “Fotoqalereya” və “Videoqalereya” yaradılıb. Oxucular saytdan dünyanın və Azərbaycanın qabaqcıl kitabxanalarına, məlumat bazalarına keçid edə, patent axtarışı həyata keçirə bilərlər. MEK istifadəçiləri öz oxucu kartlarının nömrələri ilə dünyanın istənilən nöqtəsindən kitabların tam mətnini oxuya bilərlər”,- deyə direktor əlavə edib.
Tədbirdə digər çıxış edənlər saytın üstünlüklərindən danışıb, sayt vasitəsilə Azərbaycan elminin dünya elminə inteqrasiya olunması üçün çox əlverişli imkanların yaradıldığını bildirib, MEK-in elektron kitabxanasının istifadəyə verilməsinin AMEA-da həyata keçirilən elektron hərəkatın davamı olduğunu söyləyiblər.