Zaman ötdükcə daha çox aydın olur ki, 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin guya dinc yolla ədalətli həllinə vəd verən keçmiş vasitəçilər üçlüyünün məqsədi, əslində, işğalın nəticəsini Ermənistanın xeyrinə rəsmiləşdirməklə bağlı olub. BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin legitim hüquqlarını müdafiə edən və icrası məcburi xarakter daşıyan dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, onların heç biri 27 il ərzində icra olunmadı. Qətnamələrin icrasından açıq-aşkar yayınan işğalçı Ermənistan görəndə ki, buna görə ona qarşı heç bir sanksiya tətbiq edilmir, vasitəçilər və ayrı-ayrı təşkilatlar onun oyunbazlığına riyakarcasına göz yumur, daha da azğınlaşdı və “dənizdən-dənizə” xülyasını çəkinmədən təbliğ etməyə başladı. Vasitəçilər isə siyasi imiclərinə kölgə salaraq, utanmadan özlərini elə apardılar ki, guya üç nüvə dövlətinin kiçik bir Ermənistana gücü çatmır və qətnamələri işğalçıya icra etdirməkdə acizdirlər. Bu cür siyasi riyakarlığın yalnız bir səbəbi var idi: həmin dövrdə keçmiş vasitəçilərin maraqları üst-üstə düşürdü və onların hər biri öz marağını beynəlxalq hüquqdan üstün tuturdu.
O illərdə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə bərabərlik işarəsini qoyanlar bu gün fərqli coğrafiyalarda təhlükəsiz dünya nizamını təhdid edən separatçılığın yayılmasına görə birbaşa məsuliyyət daşıyırlar. Çünki beynəlxalq hüququn ziddinə olaraq, onların Qarabağdakı qondarma separatçı rejimə verdikləri dəstək sonradan başqalarını da eyni cinayətə sövq etdi. Həmin dairələr vaxtında anlamadılar ki, Azərbaycan xalqının iradəsini zamanla sınağa çəkmək, xalqımızın ədalətə və beynəlxalq hüquqa olan inamını sındırmaq cəhdi gec-tez başqa coğrafiyalarda da münaqişələrə yol açacaq, kimlərsə onların riyakar mövqeyinə istinad edərək öz aqressiyasına bəraət qazandırmağa çalışacaq.
De-fakto mövcud olmayan Minsk qrupundakı keçmiş vasitəçilərin guya “münaqişənin hərbi yolla həllinin mümkün olmadığına” dair ədalətsiz mövqeyinin bu gün hansı təhlükəli təhdidlərə rəvac verdiyini artıq dünya ictimaiyyəti çox yaxşı görür. Azərbaycan 2020-ci il sentyabrın 27-də çıxdığı Haqq savaşı və ötən ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı ilə sübut etdi ki, kənarda yazılan saxta ssenarilərin ömrü əbədi ola bilməz və onlar gec-tez iflasa məhkumdur. Bu gün cəmiyyətimizi haqlı olaraq hiddətləndirən həm də odur ki, qlobal təhlükəsizliyə görə daha çox məsuliyyət daşıyan aparıcı aktorlardan bəziləri ölkəmizin beynəlxalq hüququn təntənəsinə və bütövlükdə qlobal təhlükəsizliyə verdiyi töhfənin tarixi əhəmiyyətini hələ də etiraf etmək istəmir. Onlar bu gün də fərqində deyillər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini öz gücü hesabına bərpa edə bilməsi separatçılıqdan və aqressiyadan əziyyət çəkən bir çoxlarına ümid və inam mesajı deməkdir!
O da həqiqətdir ki, Ermənistanın işğalı ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, milli qürurumuzu və milli kimliyimizi də hədəf seçmişdi. Amma bu iyrəncliyə, insanlıq əleyhinə hərbi cinayətlərə açıq və ya gizli şəkildə dəstək verməklə ona şərik çıxanlar anlamadılar və hələ də anlamırlar ki, siyasi iradə və əzm birliyinə güvənən cəmiyyətin inamını sındırmaq mümkün deyil. Çünki həmin dairələr xalqın iradəsinə söykənən qətiyyətli Lider faktorunun nələrə qadir olduğunu hesablaya bilmədilər. Ermənistan və onun arxasında dayanan bədxahlarımız indi də anlamırlar ki, ərazi bütövlüyü və suverenliyin qorunması Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti üçün milli ləyaqət səviyyəsində dayanan Haqq və Şərəf məsələsidir! Kimliyindən, ölçüsündən asılı olmayaraq, heç bir xarici qüvvə Şərəfi uğrunda hər cür fədakarlığa hazır olan xalqın və dövlətin qüruru ilə oynaya bilməz! Xalqımız bu məşəqqətli, eyni zamanda şərəfli yolda hansı məkrli dairələrin çoxəsrlik anti-Azərbaycan planının iflasa uğradıldığının fərqindədir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi həmin tarixi gerçəkliyi nə indiki, nə də gələcək nəsillər unutmamalıdır: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
Bu möhkəm bünövrənin təməlini qoyan şəhidlərimizə Uca Allahdan rəhmət, doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa və uzun ömür diləyirəm. Allah xalqımızı və dövlətimizi, Azərbaycan tarixinin möhtəşəm Zəfər səlnaməsinə imza atmış Müzəffər Ali Baş Komandanımızı və Qəhrəman Ordumuzu qorusun!
Ülvi Quliyev,
Milli Məclisin deputatı