Samux, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Samux şəhərində Şəhidlər Kompleksinin önündə 27 Sentyabr - Anım Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərin ruhlarına ehtiram əlaməti olaraq Şəhidlər Kompleksinin qarşısına gül dəstələri düzüb, şəhidlərin əziz xatirələrini yad ediblər.
Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə bildirilib ki, düşmən Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycanın möhtəşəm Qələbəsi ilə yekunlaşan müharibə dünya hərb tarixinə yazıldı. Ali Baş Komandanın çağırışı ilə böyükdən-kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir yumruq" əməliyyatı adlandırılıb.
Tədbirdə çıxış edən digər natiqlər də şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıblar. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək qiymətləndirilib.
Saat 12:00-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, səs siqnalları verilib.
Daha sonra Samux Rayon İcra Hakimiyyətinin və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Samux rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar açıq səma altında məktəblilərin rəsm sərgisi açılıb. Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə keçirilən sərgidə məktəblilər xalqımızın düşmən üzərində qələbəsini əks etdirən rəsmlərlə iştirak ediblər.
Anım Günü ilə bağlı rayonda Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ağacəkmə aksiyası da keçirilib. Tədbir iştirakçıları rayonun Ziyadlı kəndində Kür çayına gedən yolun ətrafına 1000 ədədə yaxın şam ağacı əkiblər.