Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
15:04
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
14:56
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının "Yurd F" MMC boya sexinin təxminən 5-6 sot ərazisini əhatə etdiyi bildirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının başvermə səbəbləri araşdırılır.
13:57
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
***
FHN-dən Metbuat.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.