AZ

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Bakı, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar AZƏRTAC-ın kollektivi Zəfər parkında olub, burada xatirə daşının önünə gül dəstələri qoyub.

Agentliyin kollektivi Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələrinin əks olunduğu stendlərə baxıb.

Qeyd edək ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. Bakının 8 Noyabr prospektində inşası davam edən Zəfər parkı da bu ehtiramın təcəssümüdür.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

Seçilən
71
31
azertag.az

10Mənbələr