AZ

Şuşada keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli oldu

Bu il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunmuş şahmat üzrə Vüqar Həşimov Memorialına bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, üç gün davam edən yarışın qalibi son gündə bəlli olub.

8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.

14 turun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla turniri qalib kimi başa vurub.

Özbəkistanlı Nodirbek Abdusattorov 18 xalla ikinci yerdə qərarlaşıb.

16 xal toplayan Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerlə kifayətlənib.

Xatırladaq ki, Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.

Xatirə turnirində Azərbaycanın üç şahmatçısı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı mübarizə aparıb. Onlarla yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) da xatirə turnirində iştirak ediblər.

Yekun turnir cədvəlini təqdim edirik: Yan Nepomnyaşi – 19 xal, Nodribek Abdusattorov – 18, Şəhriyar Məmmədyarov – 16, Vladislav Artemyev – 14,5, Aydın Süleymanlı – 13,5, Aravind Çitambaram – 13, Rauf Məmmədov, Riçard Rapport – 9.

Bu gün Şuşadakı turnirin bağlanış mərasimi də keçirilib. Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi turnirin bağlanış mərasimi Şuşa otelində baş tutub.

Əvvəlcə Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib.

Sonra çıxış üçün ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Bağlanış mərasiminə gələn qonaqları salamlayan nazir turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb.

Sonda turnirdə ilk üç yeri tutan, həmçinin digər 5 şahmatçı mükafatlarla təltif edilib.

Seçilən
49
15
arena.az

10Mənbələr