ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri Respublikaçılar Partiyasının namizədi Donald Trampın məğlubiyyəti ilə yekunlaşarsa, bu, ölkədə sonuncu seçki ola bilər.
Bu sözləri amerikalı milyarder və sahibkar İlon Mask deyib.
Onun fikrincə, amerikalıların yalnız kiçik bir hissəsi Trampın itkisinin ölkə üçün nə demək olduğunu anlayır.
“O (Tramp – red.) heç bir halda demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir”, – Mask “X” sosial şəbəkə hesabında yazıb.
Sahibkar izah edib ki, Demokratların namizədi Kamala Harris qalib gələrsə, qeyri-qanuni mühacirlər gəlməyə davam edəcək və tədricən vətəndaşlıq əldə edəcəklər. Maskın sözlərinə görə, Demokratik partiya miqrantların səslərini təmin edəcək dörd ildən sonra rəqabətdən kənarda qalacaq.