AZ

Nazir müavini: COP29 ölkəsi kimi Azərbaycanın dayanıqlı rəqəmsal həlləri həyata keçirməsi önəmlidir

Ölkədə rəqəmsallaşmanın dinamik tempi beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Belə ki, ən son açıqlanan BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi hesabatında Azərbaycan rəqəmsal inkişaf reytinqində tarixi rekorda nail olub. Ölkəmiz 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimində çıxışı zamanı bildirib.

S.Məmmədov bildirib ki, bununla da Azərbaycan indeksin ən yuxarı mövqelərində “very high EGDI”, yəni çox yüksək göstəriciyə sahib olan və inkişaf etmiş ölkələrin də yer aldığı kateqoriyaya daxil olub.

““KOB-ların rəqəmsallaşması proqramı”nın icrası da növbəti EGDI hesabatında Azərbaycanın müvafiq göstəricilərinin artmasına öz müsbət təsirini göstərəcək. KOB-larda rəqəmsallaşmanın səviyyəsi artdıqca, onlayn dövlət xidmətlərindən daha çox istifadə ediləcək. Onlayn dövlət xidmətləri isə EGDI indeksinin bir komponentidir. KOB-ların rəqəmsallaşması onlayn dövlət xidmətlərindən istifadənin əhatə dairəsini genişləndirəcək və keyfiyyətini təkmilləşdirəcək. KOB-larda texnologiyadan istifadə səviyyəsi artdıqca, infrastruktur provayderlər tərəfindən daha da təkmilləşdiriləcək. Proqramın təlim komponentləri KOB-ların rəqəmsal bacarıqlarını artıracaq”, - deyə S.Məmmədov vurğulayıb.

S.Məmmədov, həmçinin onu da qeyd edib ki, COP29 ölkəsi kimi Azərbaycanın dayanıqlı rəqəmsal və innovativ həlləri təşviq edərək həyata keçirməsi önəmlidir: “Xüsusilə rəqəmsal hökumət quruculuğunda Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) alt sisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir. RSD-dən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla alt sistemə hazırda 1700-dən çox qurum inteqrasiya olunub”.

Seçilən
9
4
yeniazerbaycan.com

5Mənbələr