AZ

Nəhənglər üçün asan gəzinti - ŞƏRH

Sentyabrın 24-25-də Liqa kubokunda 1/16 final mərhələsinin qalan 7 oyunu keçirildi. Premyer-liqa əvvəlki mərhələlərdə altı təmsilçisini – “İpsviç”, “Bornmut”, “Nottingem Forest”, “Vulverhempton”, “Everton” və “Fulhem”i itirmişdi.

Budəfəki oyunlar İngiltərə futbolunun nəhəngləri üçün asan gəzintiyə çevrildi. Çempionşip təmsilçisini qəbul edən “Mançester Siti” böyük rotasiya fonunda belə aşkar üstün təsir bağışladı. “Şəhərlilər” bütün oyunun axarına nəzarət etdi. Meydan sahibləri artıq 5-ci dəqiqədə irəli çıxdı, hissənin sonunda isə fərqi artırdı. Amma sona yaxın MS bir qədər həyəcan yaşadı. 2-ci hissədə “Siti” ilə açıq futbol oynamağın mümkün olduğunu düşünən “Uotford” risk etdi. Düzdü, belədə qonaqların qapısı önündə təhlükəli vəziyyətlərin sayı artdı. Bəzən hücumçular dəqiq olmadı, bəzən qapıçı qonaqları xilas etdi. Əvəzində 86-cı dəqiqədə İns qollardan birinin əvəzini çıxdı. Amma qonaqların final təzyiqi nəticə vermədi.

Nəhənglərdən “Liverpul”, “Arsenal” və “Çelsi” isə rəqiblərinin qapısından 5 top keçirdi. “Qırmızılar”ın rəqibi premyer-liqada mövsümə yaxşı başlamasa da, hər halda, autsayder də sayılmayan “Vest Hem” idi. Ancaq “Enfild”dəki oyunda heç bir mübarizə mühiti olmadı. İlk yarıda bəlkə də hansısa mübarizədən danışmaq olardı, hətta Kuansa 21-ci dəqiqədə topu öz qapısına göndərməklə “çəkicdöyənlər”i sevindirdi də. Sadəcə, cəmi 4 dəqiqə sonra hesabı bərabərləşdirən Jota 2-ci hissənin əvvəlində komandasını irəli çıxardı. “Vest Hem”in məğlubiyyətdən qurtulmaq üçün bir neçə imkanı olsa da, qonaqlrın 2-ci yarıda çox kobud oynadığını da deməliyik. Alvares 77-ci dəqiqədə meydandan qovulanda artıq oyunun taleyi həll olundu. Düzdü, buna qədər Salah 3-cü qolu “Uotford”un qapısından keçirmişdi. Azlıqda qalan rəqibi sonda Qakpo da iki dəfə cəzalandırdı.

“Arsenal”ın D-3-də oynayan “Bolton” qarşısında çətinlik çəkəcəyini düşünmək sadəlövhlük olardı. “Topçular”ın 17 yaşlı yarımmüdafiəçisi Nvaneri bu oyunda dublla yadda qaldı. Rays, Sterlinq və Haverts hərəyə bir qol vurdu.

“Çelsi”nin bəxtinə, ümumiyyətlə, D-4 klubu düşmüşdü. Gözlənilən kimi oldu: “zadəganlar” heç bir çətinlik çəkmədi, Nkunku het-trik etdi. Aşağı dəstə təmsilçiləri ilə qarşılaşan “Aston Villa” və “Lester” də 1/8 final mərhələsinə vəsiqə qazandı. “Tülkülər” yalnız penalti seriyasında “Uolsoll”u üstəyələ bildi.

1/16 final
Mançester Siti – Uotford (D-2) 2:1

Dokyu, 5. Nunyeş, 38 – İns, 86.
MS: Orteqa, Uoker, Stounz, Breytueyt (Qvardiol, 76), Lüis, O”Rayli (Rayt, 72), Dokyu (Savinyo, 46), Makeyti, Nunyeş, Qriliş, Foden.

Liverpul – Vest Hem 5:1
Jota, 25; 49. Salah, 74. Qakpo, 90; 90+3 – Kuansa, 21-öz qapısına.
Liverpul: Kelleher, Bredli, Qomes, Kuansa, Simikas (Robertson, 82), Endo (Morton, 82), Cons, Kyeza (Salah, 59), Jota (Mallister, 59), Nunyes, Qakpo.

Arsenal – Bolton (D-3) 5:1
Rays, 16. Nvaneri, 37; 49. Sterlinq, 64. Haverts, 77 – Kollinz, 53.
Arsenal: Porter, Kalafyori (Katsurri, 70), Kivyor, Nikols, Lüis-Skelli (Qabriel, 62), Rays (Haverts, 62), Jorjinyi, Nvaneri, Sterlinq (Kabia, 81), Saka (Martinelli, 71), Jezus.

Çelsi – Barrou (D-4) 5:0
Nkunku, 8; 15; 75. Farman, 28-öz qapısına. Neto, 48.
Çelsi: Yorgensen, Badyaşil, Disasi (Açimponq, 63), Hüsto (Çiluell, 46), Veyqa, Dyusberi-Holl, Kazadei, Mudrik, Feliş (Çukvuemeka, 76), Neto (Corc, 63), Nkunku (Giyu, 76).

Uikomb (D-3) – Aston Villa 1:2
Kone 90+5 – Buendia, 55. Duran, 85-p.

Uolsoll (D-4) – Lester 0:0, p. – 0:3

“Uimbldon” (D-4) – “Nyukasl” oyunu yağışın qazonu yararsız hala salması üzündən təxirə salınıb.

Bu mərhələnin sentyabrın 17-19-u aralığında keçirilən oyunlarının nəticəsi:Mançester Yunayted – Barnsli (D-3) 7:0, Koventri (D-2) – Tottenhem 1:2, Brayton – Vulverhempton 3:2, Everton – Sauthempton 1:1, p. – 5:6, Brentford – Leyton Orient (D-3) 3:1, KPR (D-2) – Kristal Pelas 1:2, Preston (D-2) – Fulhem 1:1, p. – 16:15, Stok Siti (D-2) – Flitvud (D-4) 1:1, p. – 2:1, Blekpul (D-3) – Şeffild Uensdey (D-2) 0:1.

Oktyabrın 29-31-də keçiriləcək 1/8 final oyunlarında bu cütlər qarşılaşacaq: Tottenhem – Mançester Siti, Brayton – Liverpul, Preston – Arsenal, Mançester Yunayted – Lester, Aston Villa – Kristal Pelas, Brentford – Şeffild Uensdey, Uimbldon/Nyukasl cütünün qalibi – Çelsi.

Oyundan sonra
Xulen Lopeteqi, “Vest Hem”in baş məşqçisi:
“Düşünürəm ki, ən yaxşı oyunlarımızdan birini keçirdik. Ancaq hesaba baxanda bunu deməzsən. Belə hesabla məğlubiyyəti haqq etmədik, bizim də çoxlu qol imkanımız var idi. Azlıqda qalandan sonra vəziyyətimiz çətinləşdi, ancaq bəzən belə olur. Liqa kubokunda mübarizəni dayandırdıq, indi premyer-liqa kimi daha vacib turnirlərə köklənmək lazımdı”.


Fakt
“Arsenal”ın qapıçısı Cek Porter yeni klub rekordu müəyyənləşdirdi. O, “topçular”ın start heyətində rəsmi oyuna çıxan ən gənc futbolçudu. “Bolton”la oyun günü Cek 16 yaş 72 günlük idi.
Seçilən
28
football-plus.az

1Mənbələr