AZ

Bakının bu ərazisində sənədsiz ev alanların pulları batacaq - ŞOK AÇIQLAMA

Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır. Söhbət paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən köhnə tikililərdən və fərdi evlərdən gedir. Ərazidə 1 otaqlı evlərin qiyməti 65 - 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir.

Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərdə ucuzlaşma var. Elan saytlarında Bayıl və "20-ci sahə" adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, elanların birində sahəsi 140 kvadratmetr olan dördotaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri 70 min manat təşkil edir.

Ekspertlər bildirib ki, evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur, bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur. Həmçinin, qeyd edilir ki, Bayıl və "20-ci sahə" massivi Bakının baş planına əsasən söküntüyə cəlb olunacaq.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Referans.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda Azərbaycanda mülkiyyət hüququnu təsdiq edən sənəd yalnız çıxarışdır. Qanunla yalnız çıxarışlı mənzili, əmlakı almaq və ya satmaq olar:

"Qanundan kənar hərəkətlər problemlər və risklə bağlıdır. Vaxtilə qeyd edilən ərazilərdə gecəqondu şəklində evlər ərsəyə gətirilib. Ən çox Sovet dövrü vaxtı və bundan sonrakı dövrdə buna təsadüf oldu. Sovet höküməti ona görə buna göz yumurdu ki, bu kimi ərazilər tədricən plana düşürdü və yeni ərsəyə gəlmiş binalarda vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədlər onlara verilirdi. Kütləvi şəkildə Qaraçuxur qəsəbəsi, Razin qəsəbəsi və Yasamal ərazisində hökümət söküntü işləri aparırdı, yerində doqquz və beşmərtəbəli binalar tikirdi. Sovet höküməti dağılandan sonra dolayı yollarla müxtəlif, ucuz əmlaklar ərsəyə gəldi. Məcburi köçkünlər gələndə bəzi yerlərdə gecəqondu kimi evlər tikməyə başladılar. Daha sonrakı dövrlərdə işbazlar qanunsuz şəkildə bu kimi evləri tikməyə başladılar. Əhalinin sayı artırdı, pul qazanmağa maraq vardı, işbazlar belə gecəqondu kimi evləri tikib insanlara satırdılar. Bələdiyyələr isə ilkin qeydiyyat sənədləri ilə iş həyata keçirirdilər ki, sonradan vətəndaşda ən azı ilkin hüquq yaransın".

Ekspert deyir ki, son 3-4 il ərzində daşınmaz əmlakın qiyməti fantastik şəkildə bahalaşıb, vətəndaşlar üçün daşınmaz əmlak əlçatmaz olub. İnsanlar qiymət baha olduğuna görə məcbur olub bu kimi evləri alırlar, təlabat yaranıb. Sonradan da bu hallar riskə çevrildi, işbazlar da bundan süi - istifadə edir.

Müsahib deyir ki, əgər sabah vətəndaşın əmlakı söküntüyə getsə, o "havada qalacaq". Çünki onun əmlakı heç bir dövlət sənədi ilə tanınmır. Bunun özü qanun pozuntusudur. Sabah mülk plana düşsə, vətəndaşın itirilən mülkü heç bir qurumdan tələb etmək şansı olmayacaq.

Seçilən
947
22
avtosfer.az

10Mənbələr