AZ

siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

Azərbaycanlı zəngin biznesmen Anar Məmmədov Bakıda bir göydələnin illər sürən tikintisində Donald Trampın iş ortağı kimi tanınıb. ABŞ rəsmiləri arasında lobbiçiliyə milyonlarla dollar xərcləməsinin və bir ABŞ diplomatının sızan diplomatik yazışmada təsvir etdiyi kimi, "korrupsiyada ad çıxarmış" atasının tabeliyindəki nazirliyin gəlirli dövlət kontraktlarından qazanc götürməsinin də onun tanınmasında az rolu olmayıb.A.Məmmədovun "Trump Tower" layihəsi uğur gətirməyib, Vaşinqtondakı lobbi imkanları da tükənib. Di gəl, Məmmədov öz nəhəng sərvətinə bir başqa bazar tapıb - Britaniya fastfud toyuq bazarını.AzadlıqRadiosunun araşdırması Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxarıb. ("françayzinq" deyərkən, tanınmış brend adı ilə öz biznesini açmaq hüququ qazanmaq, bəlli ödənişlə nizamlı biznes texnologiyasından və tərəfdaş dəstəyindən yararlanmaq nəzərdə tutulur – red.). Bu işdə iştirakını isə bəzən özünün qəliz ofşor maliyyə strukturları ilə pərdələməyə çalışıb.KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun - əmlak çantasının bir hissəsidir. "Transparency International UK" təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir.Bu daşınmaz əmlakın çox hissəsi onun atasının neftlə zəngin Azərbaycanda nəqliyyat naziri olduğu vaxtda əldə edilib. Ata Məmmədovu 2017-ci ildə avtoritar prezident İlham Əliyev vəzifəsindən azad edib. Əliyevin özünün yaxınları Britaniyada daşınmaz əmlaka yüz milyonlarla dollar yatırıblar.Məmmədov ailəsinin sərvəti məsələsini daha öncə ABŞ və Britaniya rəsmiləri qaldırıb. Britaniya qurumları son illərdə ölkəyə xaricdən, o cümlədən Azərbaycandan axan qanunsuz sərvəti araşdırmağa başlayıb. Azərbaycan davamlı olaraq "Transparency International"ın korrupsiya indeksində sonuncu yerlərdən birini tutur.Anar Məmmədov Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə birlikdə. 2012Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi."O xəbəri kim yazıbsa, gedib o restoranı tapsın. Onda mən o restoranı həmin adama verəcəyəm. 30 il olar, cəfəngiyat yazırlar… Anarın Britaniyada restoranı yoxdur", - Azərbaycanın "Manşet" adlı hökumətyönlü xəbər saytı Z.Məmmədova istinadən belə yazmışdı.Ancaq AzadlıqRadiosunun Azərbaycan xidmətinin araşdırması A.Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb.Oğul Məmmədovun siyasi bağlantıları və sərvətinin mənbəyi daha öncə Qərbdə millət vəkilləri və dövlət qurumları arasında şübhə doğurub.Ziya, yaxud Anar Məmmədovun nə zamansa korrupsiya ilə bağlı rəsmi ittihamla üzləşməsinə dair hər hansı açıq dəlil yoxdur.2017-ci ildə Britaniya parlamentində "Pulyuma və vergidən yayınma (Azərbaycan)" başlıqlı debatda bir britaniyalı millət vəkili A.Məmmədovun Londonun dəbdəbəli Bişops-avenyu küçəsində 4 milyon dollarlıq ev alarkən, cəmi 20 yaşında olduğunu qeyd edib. Hələ də ona məxsus olan bu evin bir daşınmaz əmlak saytında göstərilən qiyməti təxminən 15 milyon dollardır.AzadlıqRadiosunun təhlil etdiyi sənədlərdə bildirilir ki, Birləşmiş Krallığa məxsus Normand adalarından birinin (Gernsi) maliyyə qurumu korporativ xidmətlər göstərən bir şirkəti Məmmədovu atasının vəzifəsinə görə "siyasi önəmli şəxs" kimi göstərmədiyi üçün cərimələyib.A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı "Yum! Brands" ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. "Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür", - ata Məmmədov AzadlıqRadiosuna belə deyib.Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq "Çox sağ olun, salamat qalın. Sağ olun!" deyərək dəstəyi asıb."Trump Hotel"dən toyuq qızartmasınaA.Məmmədov ilk dəfə 2013-cü ildə Britaniyada fastfud toyuq sektoruna sərmayə yatırmağa başlayıb. O, həmin vaxt indi KFC restoranlar şəbəkəsinin operatorlarından biri - "1st Rate Investment (UK) Limited" şirkətini satın almışdı.Satınalmadan dərhal sonrakı illərdə təqdim olunan maliyyə hesabatlarında ana şirkətin Britaniya Vircin adalarında yerləşən ofşor şirkət, yekun benefisiar sahibininsə "naməlum" olduğu qeyd edilir. 2016-cı ilin noyabrında – Məmmədovun şirkəti satın almasından üç il sonra – "1st Rate Investment" öz benefisiarını "A Məmmədov" şəklində göstərib.İlkin sərmayə yatırılan zaman Məmmədov və ailəsi qismən hökumətin gəlirli dövlət kontraktları şəklində səxavəti sayəsində artıq böyük sərvət toplaya bilmişdi. Bura Z.Məmmədovun 2002-ci ildən bəri rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin kontraktları da daxildir.Təşkilat 2012-ci ildə keçirdiyi və Nümayəndələr Palatasının ozamankı spikeri Con Beyner və daha 15 Konqres üzvünün qatıldığı qala ziyafətinə 430 min dollar xərcləyib. Bu bilgi ABŞ Xarici Agentlərin Qeydiyyatı Aktına əsasən təqdim edilən 2013-cü il maliyyə hesabatından götürülüb.Ancaq Məmmədovun ən üzdə olan layihəsi Trampın şirkəti – "The Trump Organization" ilə otel tikintisi ilə bağlı tərəfdaşlıq idi. Şirkət özünün 2014-cü ildə yayımladığı press-relizində bu layihənin Bakıda "şəhərə və Xəzər dənizinə açılan möhtəşəm mənzərələri" olan 33 mərtəbəli lüks otel və kondominium qülləsi olduğunu vurğulamışdı. Tramp 2016-cı ildə ABŞ prezidenti seçiləndən sonra bu tərəfdaşlıq ABŞ millət vəkilləri arasında narahatlıq doğurdu. Bu narahatlıq ata Məmmədova qarşı korrupsiya ittihamlarından qaynaqlanırdı.Bakıdakı ABŞ səfirliyinin sonradan "WikiLeaks" tərəfindən sızdırılan 2009-cu il yazışmasında bir ABŞ diplomatı Z.Məmmədovu "korrupsionerlikdə hətta Azərbaycan üçün belə çox məşhur" adlandırır.

Seçilən
163
50
anaxeber.info

10Mənbələr