AZ

Qərbi Azərbaycana qayıdış əsas prioritetdir - RƏY

Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır. Azərbaycanlılar eramızdan əvvəl ikinci yüz illlikdən etibarən orada yaşayıb, zəngin maddi-mədəni irs nümunələri ərsəyə gətiriblər. Ermənilər Qərbi Azərbaycana Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri ilə köçürülüb daha sonra isə 1829-cu ildə Ədirnə sülh müqaviləsindən sonra Şərqi Anadolu ərazisindən köçürülüb və əraziyə gələn ermənilər silahlanıb, terror təşkilatı quraraq yerli azərbaycanlıları sıxışdırmağa başlayıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev deyib.

“İlk deportasiya 1905-1907-ci illərdə baş verib və bundan sonra ərazidə dövlət qurmaq planları üçün erməni terror dəstələri böyük xarici dövlətlərdən dəstək alaraq, azərbaycanlılara qarşı kütləvi soyqırımında deportasiya hərəkatı başladıblar. 1918-1920-ci illərdə azərbaycanlılar soyqırıma məruz qalıb və çox sayda azərbaycanlılar həyatını itirib. Məscidlərimiz, məbədlərimiz, pir, ocaq və ziyarətgahlarımız ermənilər tərəfindən yandırılıb, dağıdılıb”.

Ə.Vəliyev bildirib ki, ən son hadisələr onu göstərir ki, erməni terror təşkilatlarının bu əməli 1948-1953-cü illərdə növbəti deportasiya dalğası ilə davam edib. Daha sonra isə 1987-1991-ci illərdə artıq son deportasiya nəticəsində azərbaycanlılar tamamən indiki Ermənistan ərazisindən çıxarılıb və ermənilər etnik erməni dövləti planını həyata keçiriblər. Azərbaycanlılar oradan çıxdıqdan sonra onların yaşadığı ərazilərin adları dəyişdirilib, maddi-mədəni irs nümunələrinə erməni elementləri əlavə olunaraq mənimsənilib.

Tədqiqatçı qeyd edib ki, uzun illərdir köçkünlük həyatı yaşayan azərbaycanlılar oraya qayıtmaq üçün hər zaman mübarizə aparıblar, inanclarını, əzmlərini bir an da olsa ititməyiblər. 44 Günlük Vətən Müharibəsindən sonrakı dövrdə qazanılan qələbə Qərbi azərbaycanlıları da ruhlandırdı və Qarabağa başlayan “Böyük Qayıdış” yolu ilə Qərbi azərbaycanlıların tarixi torpaqlara, İrəvan xanlığı ərazisinə qayıtmaq imkanları daha da artdı. Cənab prezident də çıxışında bildirdi ki, “İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır və oraya qayıdacağıq, ancaq silahla deyil, sülhlə. Çünki Qərbi azərbaycanlılar uzun illər o ərazidə yaşayıblar”.

“2022-ci il dekabrın 24-də cənab prezident Qərbi Azərbaycan İcmasının inzibati binasını ziyarət etdi və ordakı mahiyyətli çıxışında Qərbi Azərbaycana qayıdış planları haqda danışdı. Prezidentin tapşırığı əsasında Qərbi Azərbaycan İcması tərəfindən “Qərbi Azərbaycana qayıdış” konsepsiyası hazırlandı və həmin konsepsiya Qərbi azərbaycanlıların könüllü beynəlxalq missiyaların köməyi ilə tarixi torpaqlara qayıtmağı hədəfləyir. Konsepsiyanın əsas istiqamətlərindən biri odur ki, Qərbi azərbaycanlıların Ermənistana qarşı hər hansısa bir ərazi iddiası yoxdur, onların öz torpaqlarına, yaşadığı mülkə, əraziyə iddiası var və aid olduqları yerə geri qayıdıb, orada yaşamaq istəyirlər”.

STM-in sektor müdiri bildirib ki, bu gün Qərbi Azərbaycan mövzusu Qarabağ məsələsindən sonra artıq ikinci bir ideoloji məsələ olmaqdan çıxıb və yaxın hədəf kimi cəmiyyətin diqqətindədir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğuları göstərir ki, Qərbi azərbaycanlıların əksəriyyəti, hətta 90%-dən çox hissəsi öz ərazilərinə qayıtmaq istəyirlər. Çünki, onlar o ərazilərdə yaşayıblar və dəfələrlə deportasiyaya məruz qalaraq qovulsalar da, yenidən qayıdıb dədə-baba torpaqlarında yaşayıb, öz bağlılıqlarını davam etdirmək istəyirlər.

“Qərbi Azərbaycana qayıdış istiqamətində çox mühüm işlər görülür. Qərbi Azərbaycan İcması tərəfindən çox sayda tədbirlər həyata keçirilir, proqramlar hazırlanır. Eyni zamanda, universitet və elm ocaqları, vətəndaş cəmiyyətləri tərəfindən çox sayda Qərbi Azərbaycanla bağlı layihələr işləndi. Bu layihələrdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, maddi-mədəni irsi geniş tədqiq edildi və bu gün Qərbi Azərbaycanla bağlı ölkəmizdə çox genişmiqyaslı tədqiqatlar aparılır ki, bütün bunlar Qərbi Azərbaycana qayıdışa xidmət edir. Çünki qayıdış üçün ən mühüm məsələ sənədlər, mənbələr, xəritələrdir və bunların da geniş tədqiq olunub, Qərbi azərbaycanlıların orada yaşadığı dövrə aid sənədlərin, onlarla bağlı kitabların hazırlanıb beynəlxalq ictimaiyyətə təqdim edilməsi və Qərbi azərbaycanlıların o ərazilərin əsas sakini kimi göstərilməsi məsələsi, artıq təqdiqat mərkəzlərinin, institutların, qurumların əsas prioritetinə çevrilib və bu istiqamətdə aparılan tədqiqatlar xarici dillərə tərcümə olunaraq beynəlxalq təşkilatlara təqdim olunur.

Ötən gün Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində ucaldılması tarixi hadisədir və cənab prezidentin də qeyd etdiyi kimi, “Qərbi Azərbaycana qayıdış başlayandan sonra artıq onun doğulduğu yerdə - Ağkilsədə abidəsi ucalar”. Bunlar hamısı qayıdışa xidmət edir və Azərbaycan artıq beynəlxalq təşkilatlarda da Qərbi Azərbaycan məsələsini qaldırır və BMT-yə, eyni zamanda bir çox mötəbər təşkilatlara Qərbi azədbaycanıların qayıdışı istiqamətində, bəyanatlar, müraciətlər olub.

Düşünürəm ki, sülh müqaviləsinin imzalanmasından sonra Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış prosesi daha da sürətlənəcək və yaxın vaxtlarda onlar da bu istəklərinə nail olacaqlar, bu, hər kəsin arzusudur. Qarabağa başlayan “Böyük Qayıdış” yolu ilə tarixi torpaqlara sülhlə qayıdış bütün Qərbi azərbaycanlıların arzusudur, çünki həmin ərazilər Azərbaycanın tarixi ərazisi olub və azərbaycanlıların qayıdaraq orada yaşaması təbii haqqıdır. Bu istiqamətdə tədqiqatlar, tədbirlər, fəaliyyətlər gücləndikcə qayıdış prosesi daha da sürətlənəcək. Ən sevindirici hal odur ki, sülh müqaviləsinin imzalanması istiqamətində müsbət addımlar atılır və bu prosesə təsir edəcək ən böyük amil sülh müqaviləsinin imzalanması olacaq ki, bu da Qərbi Azərbaycana qayıdışı daha da sürətləndirəcək”, - deyə Əfqan Vəliyev sonlandırıb.

Aminə Nəzərova

Seçilən
30
11
operativmm.az

10Mənbələr