AZ

Yaxın Şərqin şərindən necə uzaq olaq? – üç yanımızda savaş gedir

Dünyanın ilk müharibəsindən tutmuş ta bu gün davam edən müharibələrdək olub-keçmiş savaşların hamısının bir əsas səbəbi olub: yaşayış uğrunda mübarizə.
İnsan övladları əlverişli areala, ən yaxşı torpaqlara, su qaynaqlarına, yaşayış üçün hər resursu olan vahələrə, yeraltı, yerüstü sərvətləri zəngin olan vadiləri sahib olmaq üçün bir-birini qırıblar.
Makedoniyalı İsgəndər Hindistana qədər məsafəni qoşunla ona görə qət edib ki, təkcə özünə yox, millətinə də ölümsüzlük, daimi firavanlıq bəxş etsin.
Çingiz xan dövrünün monqolları Avrasiya materikinin o başından bu başına qədər, bizim parallelər boyunca ölkələri işğal edə-edə qədər ona görə gediblər ki, yaxşı otlaqlara sahib olsunlar, zəif xalqları əsir-yesir və istismar etsinlər.
Yuli Sezar da eləcə. Napoleon Bonopart da o cümlədən. Bəzən adlarına fateh dediyimiz hökmdar sərkərdələrin hamısı öz toplumunun, xalqının rifahını yaxşılaşdırmaq, onlar Yer üzünün ağası etmək üçün vuruşublar.
Zəif xalqların, dövlətlərin işi isə öz başlarının salamatlığını qorumaq, mövcudluqlarını saxlamaq, əllərində olanların heç olmasa bir qismini itirməmək məqsədi daşıyıb.
Avropalılar orta əsrlərdə axışıb Amerikanı, Avstraliyanı və Yeni Zelandiyanı, eləcə də Okeaniyada olan arxipelaqları ona görə işğal eddilər və yerli əhalini qırıb çatıblar, yerdə qalanlarını köləyə çeviriblər ki, özləri yaxşı yaşasınlar.
Dünya binnət olandan bəri elədir, hələ uzun müddət də belə gedəcək. İşğal üsulları dəyişəcək, amma işğalın mahiyyəti dəyişməyəcək. Əsarət də onun kimi.
Bir zamanlar amerikalı plantatorlar gəmilərlə gəlib Afrika ölkələrindən qul daşıyırdılar, plantasiyalarda kölə kimi, ev heyvanı kimi işlədirdilər. Amma indi elə bir düzən qurublar ki, ildə yüz minlərlə afrikalı iş tapmaq üçün Amerikaya, Avropaya axışır.
Aralarında ortaq sərhədləri, torpaq, su mübahisələri olmayan İranla İsrailin müharibəsi də region ağalığı, nüfuz dairəsi üstündədir.
Burada din motivinin rolu minimaldır. Zatən, 1-2 min il əvvəl olan dini müharibələr. xaç yereşləri də sırf yaşayış uğrunda mübarizə olub, sadəcə, o vaxtın qəsbkarları öz bədnam niyyətlərinə din donu geydiriblər.
Başqa vaxt sünni məzhəbindən olanları “peyğəmbərin nəvələrini qətl edənlər” adlandıran iranlı dindarların birdən-birə sünni fələstinliləri bu qədər çox istəməsinin səbəbi ha yana dönə dinlə bağlı deyil.
Biz 1988-dən 2023-cü ilə qədər, Qarabağ müharibəsində İranın öz din-məzhəb qardaşını – Azərbaycanı necə müdafiə etmə(mə)sinin şahidi olmuşuq, “Şərq nağılları”na inanan təhərimiz yoxdur.
Xalqların, dövlətlərin əbədi mənafeləri, korporativ maraqları olan yerdə dini identiklik də, hətta milli yaxınlıq da əhəmiyyətini itirir. Eyni dildə danışan, vahid soy-kökə malik qohum xalqların bir-birilə savaşdıqları o qədər olub ki. Rusiya-Ukrayna müharibəsi, Şimali Koreya-Cənubi Koreya qarşıdurması bariz nümunələrdir.
Sadəcə, son illərdə əksər qohum xalqlar anlayıblar ki, ətraf düşmənlərlə dolu olduğu üçün bir-birilə savaşmasınlar, müttəfiq olsunlar, strateji tərəfdaşlıq müqaviləsi imzalasınlar, bir-birini müdafiə etsinlər.
Ermənilər heç bir xalqla qohum olmadıqları üçün dünya birliyinə din üzərindən yanaşır, qüdrətli dövlətlərə qulluq göstərmək istəyir, xidmət təklif edirlər. Onlar anlayırlar ki, yaşayış uğrunda mübarizədə mövcudluqlarını yalnız bu yolla qoruyub saxlaya bilərlər.
İsrail milli mənşə etibarilə qohum olduğu xalqlarla çoxdan, lap qədimlərdən qan düşməni olub, ona görə də mövcud olduğu regionda təkdir, amma özünə ciddi havadarlar da tapıb. Müsəlman ölkələri ilə münaqişədə xristian Avropa və Amerika dövlətləri onun tərəfindədir.
Elə dünən gecəki raket atışmasında həmin tərəfdaşlığın ilk nəticələri özünü göstərdi. ABŞ prezidenti Bayden İranın İsrailə atdığı raketlərin zərərsizləşdirilməsini əmr etdi.
Bəli, 15 ildən çoxdur dünyanın müxtəlif bölgələrində onlarla ölkənin qatıldığı müharibənin vahid cəbhəsi, səngəri olmasa da, bu, üçüncü dünya müharibəsidir. O savaş bu cür təzahür edir.
Bu saat planetin sakit bölgəsi yoxdur, amma bizim region xüsusilə təhlükəlidir. Özümüz də müharibə şəraitindəyik, cənub qonşumuz İran da savaşdadır, şimal qonşumuz Rusiya da. Qardaş Türkiyə isə 44 ildir özünün cənub-şərqində partizan müharibəsinə cəlb edilib, hətta hərdən sərhədi keçir, qonşu ölkələrə də müdaxilə etməli olur.
Bir sözlə, dünyanın yenidən bölüşdürülməsi, nüfuz dairələrinin dəqiqləşdirilməsi prosesi gedir. Bu prosesdə yeni dövlətlərin əmələ gəlməsi də mümkündür. Əsas olan isə dövlətçiliyi və xalqın təhlükəsizliyini qorumaqdır. Bundan ötrü məcbur olmadıqca (yəni birbaşa hərbi təcavüzə məruz qalmadıqca) müharibələrə qatılmamaq şərtdir.
Dünyanın nə vaxtsa müharibəsiz gün yaşayacağı sarıdan optimist olmaq isə mümkün deyil. Həmişə güclü olmaq, qüdrətli olmağa can atmaq vacibdir. Zəiflər və əfəllər ayaq altda qalacaqlar.
İsrailə raket zərbələri endirildiyinə görə İran vətəndşlarının küçələrə tökülüb coşqulu sevinc təzahüratlat təşkil etməsi isə insan nadanlığının pik həddidir. Düşmənə nifrət nə qədər güclü olsa da, faciəyə necə sevinmək olar? Axı o silahlardan düşməndə də var, qayıdıb atacaqlar və çoxlu insan öləcək, şikəst olacaq.
Xalid KAZIMLI

Seçilən
32
2
arantv.az

3Mənbələr