AZ

“MÜHARİBƏDƏN SONRA KÜTLƏVİ MƏZARLIQLAR MƏHV EDİLİB...” – DTX rəisi Əli Nağıyev

“Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır”

“Dövlət Komissiyasında 1 oktyabr 2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb”.

“AzPolitika” xəbər verir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev bildirib.

O, vurğulayıb ki, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Komissiya sədrinin sözlərinə görə, 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur: “Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir. Qeyd etməliyəm ki, bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib. Hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb. Onlardan 131-nin eyniləşdirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilib. Həmin Mərkəz Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılıb”.

Seçilən
20
8
azpolitika.info

9Mənbələr