AZ

Su problemi: çıxış yolları nədən ibarətdir?

Su

Hazırda dünyada ən ciddi problemlərdən biri su çatışmazlığıdır. Təbii ki, Azərbaycanda su çatışmazlığından əziyyət çəkən ölkələr sırasına daxildir. Əlbəttə sudan düzgün istifadı etməməmək, israfçılıq və digər insan faktorunun yaratdığı amillər problemi daha da dərinləşdirir. Bunu necə aradan qaldırmaq olar? Çıxış yolu kimi vahid su siyasətinin aparılması, bütün su qurumlarının bir qurum halında birləşdirilməsini təklif edənlər də var. Bu və bu kimi digər məsələləri mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşdülər.

“Suvarma sistemlərində mütləq müasir texnologiyaların tətbiqi lazımdır”

AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru, ekoloq Ənvər Əliyev qeyd edib ki, bunun üçün yeni proqram işlənməlidir: “Açıq sistemli su hövzələrimizin yenidən baxılması, qapalı sistemi daha da artırmaq, həmçinin suvarma sistemlərində müasir texnologiyaların tətbiqi mütləq lazımdır. Ən vacibi odur ki, bizim əsas suvarma sistemlərimiz olan Kür-Araz ovalığında vəziyyət acınacaqlıdır, ora uzun müddətdən qalmış sistemlə işləyir. Çoxlu su sızdırılır şoranlıq yaradır, küllü miqdarda su buxarlanır, pərakəndəlik yaranır”. O, bütün bu işlərin aparılması üçün çoxlu vəsait lazım oluğunu bildirib: “Bunlar hamısı nizamlanmalıdır, dəqiqləşməlidir və ora külli miqdarda vəsait qoymaq lazımdır. Çünki Azərbaycanın kənd təsərrüfat sistemi darmadağın olub. Əhalini Mingəçevir gölünün hesabına içməli su ilə təmin etmək lazımdır. Bunlar hamısı çox vəsait tələb edir”.

Ekoloqun sözlərinə görə, ən vacibi də odur ki, orada xüsusi quyularda saxlanılan suların buxarlanması, yerə hopması, antisanitar vəziyyət problemi dərinləşdirir: “Uzun müddət pestisid gübrələrin işləndiyi quyulardan insanlara su vermək düzgün deyil, bu, sağlamlığa ən böyük təhdiddir. Bunların hər biri haqqında bir yerdə yığışıb fikirləşmək lazımdır. Həmçinin mövcud qurum tərəfindən idarəçiliyə, müasir texnologiyaya, eləcə də birillik və çoxillik suvarmaya aid plan hazırlanıb təqdim edilməlidir. Dünyada belə bir sistem var ki, birillik suvarma, çoxillik suvarmadan tamam fərqlidir. Dünyanın ən müasir texnologiyaları var, onları ölkədə tətbiq etmək vacib şərtlərdəndir”.

Ən böyük problem

İqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda su məsələsinin problemli olduğunu söyəyib: “Ümumiyyətlə, Azərbaycanda su məsələsi bir qədər problemlidir. Bu da ondan qaynaqlanır ki, Cənubi Qafqazda su ehtiyatlarımız digər iki ölkənin su ehtiyatlarından xeyli azdır. Azərbaycanda su ehtiyatları ciddi şəkildə idarə olunmalıdır”. İçməli su sahəsində idarəetmənin normaya yaxın olduğunu deyən ekspert bildirib ki, ən böyük problemin ölkənin suvarma suyunun idarə edilməsindədir: “Suyun və su istifadəçilərinin müxtəlif seqmentləri var. İçməli su sahəsində idarəetmə demək olar ki, normaya yaxın şəkildədir. Yəni içməli su idarə olunur. Ölkənin bir neçə şəhərlərində demək olar ki, bu problem aradan qaldırılıb. Amma ən böyük problem ölkənin suvarma suyunun idarə edilməsindədir. Suvarma suyu hazırda demək olar ki, heç bir qurum tərəfindən idarə olunmur. Su qurumlarının bir təşkilat altında birləşdirilməsi bu problemləri aradan qaldırmaq üçün açar olacaqsa, mən o fikirlə razıyam. Ölkə ərazisində il ərzində ən azı 2 min kvadrat kilometr su ehtiyatı yaranır ki, bundan 2 milyon hektar ərazini rahat suvarmaq mümkündür. Bu, dünya təcrübəsində təsdiq edilmiş məsələdir”.

Sudan istifadədə səmərəlilik

Ekspertin sözlərinə görə, bizim 20 min kub kilometr su ehtiyatımız, 1,5 milyon hektar suvarılan torpağımız var, lakin ümumilikdə əhalimizin kənd təsərrüfatı məhsullarına olan tələbatının 50 faizdən çoxunu aricdən alırıq: “Yalnız barmaqla sayılan məhsullar üzrə yerli tələbatı ödəyə bilirik. Bu, kartof, soğan, pomidor, xiyar, badımcan, qarpızdır. Bunlardan başqa qalan hər şeyin 50 faizini biz xaricdən idxal edirik. İndi görürsünüz ki, bizim sudan istifadədə səmərəlilik səviyyəmiz nə qədər aşağıdır. Bunun da səbəblərindən biri suyun idarə edilməməsidir. İkincisi, suyun effektiv, səmərəli ötürülməsinə nail olmamağımızdır, yəni su əksər hallarda ya sıradan çıxmış beton kanallarla, ya da torpaq kanallarla ötürülür. Çox az ötürücü kanallarımız müasir formada qurulub”.

Müasir suvarma metodları

A.Nəsirli həmçinin vurğulayıb ki, öncül ölkələrdə suyun kanalla ötürülmə prosesi aradan qaldırılır: “Suvarma suyunun da kəmərlə ötürülməsi məsələsi həll edilir”. İqtisadçı diqqətə çatdırıb ki, kəmərlə ötürülmə kanalla ötürülmədən fərqlidir: “Fərq ondan ibarətdir ki, kanalla ötürülmədə suyun bir hissəsi yerə hopur, bir hissəsi yay aylarında buxarlanır, yəni suyun 50 faizi demək olar ki, bu yolla itkiyə gedir. Yalnız kollektorlara vurulan suyun 50 faizindən effektiv istifadə edilir. Bu effektivlik də idarəetmənin olmaması səbəbindən itirilir”. O, həmçinin bizim müasir suvarma metodu ilə suvarılan ərazilərimizin həcminin az olduğunu deyib: “Bizim müasir suvarma metodu ilə suvarılan ərazilərimizin həcmi azdır. Müasir metodlarla suvarmanın xeyri nədir? Birincisi, müasir metodlarla suvarma zamanı yerin şoranlaşması getmir. Selləmə suvarmada ilbəil torpaq şoranlaşır və məhsuldarlıq aşağı düşür. Yağış yağdırma üsulu ilə suvarma zamanı torpaqların şoranlaşması baş vermir. Digər tərəfdən, müasir suvarma metodları ilə suvarmanın həyata keçirilməsi suya tələbatı 8-10 dəfə aşağı salır. Bax, ən böyük fərq budur. Bizim həm də İsraildən fərqimiz odur ki, torpaqlarımızın böyük əksəriyyəti ənənəvi selləmə suvarma vasitəsi ilə suvarılır”.

“Bu problemin qarşısını almaq üçün müvafiq tədbirlər görülür”

İqtsadçı ekspert Emin Qəribli qeyd edib ki, dünyanın bir neçə bölgəsi var ki, gələcəkdə su problemi ilə rastlaşacaq. O, su problemi ilə rastalaşacaq həmin bölgələr sırasında Azərbaycanın da olduğunu bildirib: “Bölgələrdən biri də bizik, Mərkəzi Asiya, İrandır. Bunu nəzərə alaraq iqtisadi siyasətimizi buna doğru həyata keçirməliyik. Mən hesab edirəm ki, Azərbaycanda bu problemin qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Su Məcəlləsi qəbul olunub. Su problemi ilə rastlaşan bölgələrin təsərrüfatlarına müvafiq yardımlar göstərilir, qanunvericilikdə dəyişikliklər edilib. Həmçinin Dövlət Su Ehtiyatları Agentliyi fəaliyyət göstərir. Onu da qeyd edim ki, COP29 tədbirinin də məğzinə diqqət yetirsək görərik ki, onun da əsas mövzusu məhz iqlim dəyişikliyidir, ekoloji problemdir”.

“Su probleminin qarşısı alınır”

E.Qəribli əlavə edib ki, bu problemə müxtəlif aspektlərdən yanaşmaq olar, əsas odur ki, problem dövlətin diqqət mərkəzindədir: “Onu da qeyd edim ki, bizim Qarabağ və Şərqi Zəngəzur bölgəsinin qaytarılması da su ehtiyatlarının təmin olunması baxımından çox mühüm bir hadisə oldu. Orada müvafiq tədbirlər görüldüyünün şahidi oluruq”. İqtisadçı sözügedən sahədə lazımi tədbirlərin görüldüyünü deyib: “Pərakəndəliyi mən hiss etmirəm, lazımi tədbirlər görülür. Bugünkü gündə bu formada idarəçilik yetərlidir və kəskin problemlərlə rastlaşmamışıq. Ola bilsin kiminsə öz subyektiv fikri var, amma bugünkü siyasətə baxsaq su probleminin qarşısı alınır. Cənab Prezidentin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Sərəncamı var. Pandemiya dövründə bu yöndə tədbir keçirilmişdi. Tədbirdə qeyd olunurdu ki, biz İsrail hökuməti ilə danışıqlar aparırıq. İsraildən ölkəmizə mütəxəssislər gəlib tədqiqatlar aparırlar və gələcəkdə bizim su siyasətinin qurulması üçün lazımi töhfələr verirlər. Mənə elə gəlir ki, bu məsələ dövlətin diqqət mərkəzindədir və lazımi tədbirlər görür. Yəni hazırda bu məsələdə hər hansı ciddi bir problem görmürəm”.

Su ehtiyatlarının ciddi itkiləri

İqtisadçı Xalid Kərimli isə bildirib ki, Azərbaycan su ilə təminat səviyyəsinin az olduğu ölkədir: “Bizim birinci problemimiz odur ki, Azərbaycan dünyanın su ilə təminat səviyyəsinə görə təbiətin ona ən az su verdiyi ölkədir. Qafqazın su resurlarının ən əhəmiyyətli hissəsi Gürcüstanın, Ermənistanın payına düşür. Onlar bizdən dəfələrlə çox su ehtiyatlarına malikdirlər. İkinci məqam da əlimizdə olan su ehtiyatlarının da ciddi itkiləri ilə bağlıdır. Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin dediyi məlumatlara əsaslanıram ki, suvarma sistemlərində su itkisi 50 faizdən çoxdur, bəzən 60 faiz də deyilir. İçməli suda isə 30 faiz ətrafında itki var. Bu, ciddi problemdir. İtkilərin formalaşmasının birinci səbəbi meliorasiya və irriqasiya sistemlərində suvarma suları beton örtüklü kanallarla əraziyə verilməməsi, torpaqla verilməsidir. Yəni qazma üsulu ilə verilir, o zaman da torpaq suyu çəkir. Əsas itki orada olur”.

“Su ədalətli şəkildə paylanmır"

X.Kərimli mövzu ətrafında danışarkən onu da əlavə edib ki, ölkənin əsas problemi kanalizasiya sistemi ilə bağlıdır: “Kanalizasiya sistemi bərbad şəkildədir, həmçinin Xəzər dənizində suyun təmizlənmə problemi var. Kanalizasiya sistemi yoxdur və su təmizlənmiş vəziyyətdə Xəzərə tökülmür. Yəni həm itki, həm də kanalzasiya sistemi ilə bağlı ciddi problemlər var. Bu istiqamətdə investisiyalar lazımdır. Eyni zamanda, bu, mütləq şəkildə həyata keçirilməsi vacib məsələdir. Çünki dediyim kimi Qafqazın 70 faiz su potensialı Gürcüstanın, 20 faizi Ermənistanın payına düşür, bizə isə gəlib çatan 10 faizdən ibarətdir. Onlar da birinci özlərinə lazım olan suyu istifadə edirlər, sonra qalığını bizə ötürürlər. Lazım olmayanda çox buraxırlar, o zaman da daşqınlar filan ortaya çıxır. Lazım olanda isə çaylarda su olmur. Bu, təbii problemdir. Bunu həll etmək çox çətindir. Bundan əlavə, bizə gəlib çatan suyun da dediyim kimi 50-60 faizi itkiyə gedir”.

O həmçinin bildirib ki, su ədalətli şəkildə paylanmır: “Su resursu fermerlərə gəlib çatmır, yəni ədalətli şəkildə paylanmır, üstəgəl də itkiyə gedən su da torpağı sıradan çıxarır, şoranlaşdırır. İkinci bir bəla da budur. Bu baxımdan Azərbaycanda su və kanalzasiya sistemi ilə bağlı ciddi işlər görülməlidir. Bu istiqamətlərdə ölkənin ciddi problemləri var. Həmçinin kənd təsərrüfatının ixracını genişləndirmək, artırmaq istəyirik. Ev təsərrüfatlarının sosial problemlərinin həllində kənd təsərrüfatı mühüm rol oynayır. O baxımdan bu kimi problemlər mütləq şəkildə həll edilməsi vacib problemlərdir”.

Ən vacib şərt

“Azərbaycan Cənubi Qafqazda su ehtiyatlarının ən az olduğu ölkədir” deyən iqtisadçı-ekspert Eldəniz Əmirov isə belə bir şəraitdə su ehtiyatlarının doğru-düzgün idarə edilməsinə, ən əsası ehtiyatların bərabər bölgüsünə, sahə üzrə mövcud vəziyyətin daha çox qiymətləndirilərək daha doğru, ədalətli bölgüsünə böyük ehtiyac var. O, bir tərəfdə müəyyən qrup sahibkarların, subyektlərin istədiyi qədər sudan istifadə etdiyini, digər tərəfdə isə suya ehtiyacın artdığı yay aylarında su ilə təminatın ödənilməsində yaşadığı problemə görə məhsulunun sıradan çıxması hallarının yaşandığını bildirib: “Hesab edirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi ciddi təhlil edilməlidir. Mövcud vəziyyət daha dərindən öyrənilməlidir. Eyni zamanda, ən vacib şərt su ehtiyatlarının ədalətli bölgüsünə nail olunmasıdır. Suyun paylanması zamanı torpaq kanallarda, üstüaçıq beton kanallarda su itkilərinə yol verilir. Hazırki məqamda vacib şərt budur ki, su kanallarında ötürülmə zamanı su itkilərinin qarşısı alınsın və su ehtiyatları ədalətli bölüşdürülsün”.

Röya İsrafilova

Seçilən
26
xalqcebhesi.az

1Mənbələr