AZ

“Feedback”in 5 növü - Onları əhəmiyyətli edən səbəblər

Rufanə Qasımova
“1ST GROUP ACADEMY”nin İnsan Resurslarının idarə olunması şöbəsinin rəhbəri

Effektiv “feedback” (geri bildirim) mədəniyyətinin qurulması bu günün əsas tələblərindən biridir. “Feedback”, təşkilatın daxili və xarici münasibətlərinin inkişafı və təkmilləşdirilməsi üçün əvəzsiz vasitədir. Gəlin nəzərdən keçirək, hansı “feedback” növləri mövcuddur və onların hər biri niyə bu qədər əhəmiyyətlidir?

1. Şirkət daxili “feedback”

Şirkət daxili “feedback”, rəhbərlərlə əməkdaşlar arasında gedən iş prosesini əhatə edir və şirkətin inkişafı üçün vacibdir. Bu tip geri bildirim, komanda daxilində əməkdaşlığın güclənməsinə, məhsuldarlığın artırılmasına və potensial problemlərin erkən həll olunmasına kömək edir. Həmçinin bu proses işçilərdə motivasiyasını yüksəldir.

2. Müştərilərdən gələn “feedback”

Müştərilər tərəfindən verilən “feedback” şirkətin təkamülündə həlledici rol oynayır. Müştərilər məhsul və ya xidmətlərin keyfiyyətini qiymətləndirir və əgər çatışmazlıqlar varsa, onların aydın görünməsi üçün yaxşı imkan yaratmış olur. Bu da, öz növbəsində şirkətin təqdim etdiyi məhsul və yaxud xidmətləri təkmilləşdirməyə və müştəri məmnuniyyətini artırmağa zəmin yaradır.

3. Partnyorlardan verilən “feedback”

Partnyorlar tərəfindən verilən “feedback” işgüzar münasibətlərin daha keyfiyyətli qurulmasına və gələcəkdə qarşılıqlı inkişaf imkanlarının təkmilləşdirilməsinə şərait yaradır. Bu cür geri dönüşlər, əməkdaşlığın səmərəliliyini artırmaq və iki tərəf arasında etibarlı əlaqələr yaratmaq üçün vacibdir.

4. İşəgötürən tərəfindən namizədlərə verilən “feedback”

İş üçün müraciət edən namizədlərə düzgün və vaxtında verilən “feedback” işəgötürən brendinin formalaşmasında mühüm rol oynayır. Aydın, konkret və ədalətli geri bildirim vermək, namizədlərin şirkət haqqında müsbət təsəvvürlər əldə etməsinə və şirkətin işəgötürən kimi etibarlılığını artırmağa kömək edir.

5. Müsahibədən sonra namizəd tərəfindən verilən “feedback”

Namizəd tərəfindən verilən “feedback” həm işəgötürən, həm də namizəd üçün böyük əhəmiyyət daşıyır. Bu, müsahibə prosesinin qiymətləndirilməsinə, təkmilləşdirilməsinə və gələcək işgüzar münasibətlərin qurulmasına kömək edir. Namizədin müsahibədən sonrakı mərhələdə etmiş olduğu geri dönüşü onun şəxsi keyfiyyətlərini və peşəkarlıq səviyyəsini nümayiş etdirir. Xüsusilə də mənfi cavab alan namizədin rəsmi və eyni zamanda nəzakətli geri dönüşü gələcəkdə həmin müəssisədə iş imkanlarının yaranması baxımından mühüm rol oynayır.

Uğurlu biznes əlaqələrinin formalaşması üçün “feedback” mədəniyyətinizi gücləndirin və inkişaf edin.

Seçilən
38
valyuta.az

1Mənbələr