AZ

Ekspert: Müəllimlərin hörmətini geri qaytarmaq günün tələbidir

Təhsildə uğur yalnız onlara layiqli şərait və dəstək verildiyi təqdirdə mümkündür


  Milli Məclisdə müəllimlərə qarşı yersiz təzyiq və təhqirlərdən danışılıb, bu cür münasibətin yolverilməz olduğu deyilib. Müəllimlərin hüquqlarının  müdafiə olunması ilə bağlı məsələ qaldırılıb. Haqsız da sayılmazlar. Bir vaxtlar real insan olduğuna, bizlər kimi yemək yeyib- su içdiyinə, yatıb-qalxdığına şübhə ilə yanaşdığımız, müqqəddəs varlıq, Allahın yerdəki elçisi hesab etdiyimiz  müəllimlərə qarşı son illər  “qara piar” aparılır, ciddi-cəhdlə onları gözdən salmağa çalışırlar.  Sözsüz ki, müəllim adının cəmiyyətdə bu qədər qıcıq yaratmasında müəllim adına yaraşmayan davranışlar göstərən təhsil işçilərinin də payı var. 
  Bayram ərəfəsində məktəblərdəki pulyığma əməliyyatları, test pulu, fond pulu... adı ilə şagirdlər qarşısına qoyulan tələblər  şagird və valideynlərdə müəllimlərlə bağlı xoş olmayan fikirlər  yaradıb. Müəllim öz alicənablığı ilə, nəzakəti ilə, davranışı ilə uşaqlara örnək olmalıdır. 
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə  parlamentdəki çıxışında deyib ki,  müəllim şagirdə söz deyəndə valideyn üstünə hücum çəkməməlidir: “Hərə bir telefon götürüb müəllimi çəkir. Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır”. 
  Yeri gəlmişkən qeyd edək ki, İtaliyada müəllimlərə hörmətsizlik edən şagirdlər və onların valideynlərinə qarşı cəzalar tətbiq ediləcək. “The Guardian” nəşrinin materialında bildirilib ki, İtaliyanın təhsil sistemi tələbələrin nalayiq davranışlarına qarşı mübarizədə köklü dəyişikliklərə hazırlaşır. Belə ki, hökumət müəllimlərə hörmətin artırılmasına və məktəblərdə nizam-intizamın yaxşılaşdırılmasına yönəlmiş ciddi tədbirlər kompleksi hazırlayıb.
Əsas yenilik qanunu pozanlara əhəmiyyətli pul cərimələri tətbiq etmək imkanı olacaq. Şagirdlər və onların ailələri müəllimlərə qarşı təhqir və ya zorakılığa görə 500 ilə 10.000 avro arasında cərimə ödəməli olacaqlar.
Bundan əlavə, məktəb direktorlarına qəbuledilməz davranışlarına görə şagirdləri məktəbdən qovmaq üzrə əlavə səlahiyyətlər veriləcək. Orta və yuxarı sinif şagirdləri üçün onların akademik taleyinə birbaşa təsir edəcək davranışın qiymətləndirilməsi sistemi tətbiq edilib. Şagird davranışa görə beşdən az bal alırsa, fənlər üzrə akademik göstəricilərindən asılı olmayaraq, dərs ilini təkrarlamağa məcbur olacaq.
Bu yeniliklər İtaliya hökumətinin müəllimlərin səlahiyyətlərini bərpa etmək və tədris üçün daha əlverişli mühit yaratmaq əzmini əks etdirir. Gözlənilir ki, bu yanaşma nizam-intizamı yaxşılaşdırmaqla yanaşı, bütövlükdə təhsilin keyfiyyətini yüksəldəcək, şagird və müəllimlər arasında qarşılıqlı hörmət mühiti yaradacaq.
Bəs biz nə etməliyik!?  Azərbaycan müəllimlərinin  nüfuzunu, keçmiş adını özünə qaytarmaq üçün hansı addımları atmalıyıq? 
  
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti  Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə,  müəllimlər cəmiyyətin təhsil və mənəvi inkişafında əhəmiyyətli rol oynayan əsas sütunlardır. Onlar gələcək nəsilləri formalaşdıran və onlara biliklər, bacarıqlar və əxlaqi dəyərlər ötürən şəxslərdir: 

“Lakin  çox təəssüf ki, son dövrlərdə müəllimlərin cəmiyyət tərəfindən layiqincə qiymətləndirilməməsi və onların hüquqlarının yetərincə müdafiə olunmaması ciddi bir məsələdir. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və hüquqlarının müdafiəsi, onların peşəkar fəaliyyətini daha səmərəli şəkildə davam etdirmələri üçün vacibdir. Müasir texnologiyaların geniş yayılması ilə müəllimlərin üzləşdiyi yeni problemlərdən biri onların fəaliyyətinin şagirdlər və valideynlər tərəfindən tez-tez müzakirə və tənqid edilməsidir. Şagirdlərin müəllimləri telefona çəkməsi, onları sosial şəbəkələrdə paylaşması və bəzi hallarda valideynlərin bu görüntülər əsasında müəllimləri cəzalandırmaq üçün addım atmaları böyük problemlərə səbəb ola bilər. Hətta bəzi hallarda müəllimlər şagirdləri tənbeh edərkən və ya dərs zamanı qeyri-etik davranışa qarşı çıxarkən, valideynlərin təzyiqi altında hüquqlarının pozulduğunu müşahidə edirik. Müəllimin işinə müdaxilə etmək, onun peşəkar nüfuzuna xələl gətirmək təhsil prosesinə zərər verir və cəmiyyətdə müəllimin rolunu zəiflədir”.
  
Ekspert hesab edir ki, müəllimlərin hüquqlarının müdafiəsi ilk növbədə onların iş mühitində təhlükəsiz və hörmətli bir şəraitdə çalışmasını təmin etməkdən ibarətdir:
 “Müəllimlərin peşəkar müstəqilliyi və nüfuzunun qorunması onların işə olan marağını və motivasiyasını artırır. Valideynlər və şagirdlər müəllimin işinə hörmətlə yanaşmalı, onların təlim və tərbiyə metodlarına etimad göstərməlidirlər. Müəllimlər cəmiyyətin mənəvi rəhbərləri kimi, dəstək və hörmət görməli, sosial hüquqları qorunmalıdır. Hüquqi müdafiə mexanizmləri vasitəsilə müəllimlər hər hansı bir qərəzli hücumdan qorunmalıdırlar, çünki onların fəaliyyəti təkcə akademik tədris deyil, həm də nəsillərin mənəvi tərbiyəsidir.
  Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması isə onların işə olan bağlılığını və peşəkar fəaliyyətə marağını artıran ən mühüm faktorlardan biridir. Maddi və sosial təminatın gücləndirilməsi müəllimlərin həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, onların işində daha peşəkar olmalarına da kömək edir. Bütün dünya üzrə aparılan tədqiqatlar göstərir ki, müəllimlərin maaşları və sosial təminatları yüksək olan ölkələrdə təhsil keyfiyyəti də daha yüksək olur. Məsələn, Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin maaşları kifayət qədər yüksəkdir və onlar cəmiyyət tərəfindən böyük hörmətlə qarşılanır. Bu ölkələrdə müəllimlər təkcə tədris edən deyil, həm də təhsil prosesində əsas qərar qəbul edən şəxslər kimi qəbul edilirlər”.
 
 K.Əsədovun sözlərinə görə, Azərbaycanda müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təhsil sisteminin inkişafı üçün əsasdır. Onların maaşlarının artırılması, mənzil və tibbi sığorta kimi sosial təminatlarının genişləndirilməsi, həmçinin təqaüd proqramlarının təkmilləşdirilməsi müəllimlərin motivasiyasını yüksəldəcəkdir: 
“Bu da təhsilin keyfiyyətinin yüksəlməsinə, şagirdlərin daha yaxşı nəticələr əldə etməsinə və təhsilin daha yüksək standartlara çatmasına kömək edəcəkdir. Bundan əlavə, müəllimlərin hüquqlarını qorumaq üçün güclü hüquqi mexanizmlərin tətbiq edilməsi vacibdir. Onların iş yerində hüquqlarının pozulması və ya sosial mediada lüzumsuz tənqidlərə məruz qalması hallarının qarşısını almaq üçün qanunvericilik səviyyəsində dəstək təmin edilməlidir. Müəllimlərin peşəkar hüquqlarını qoruyan qanunların qəbul edilməsi və onların cəmiyyətdə daha yüksək nüfuza sahib olması üçün təşviq proqramları həyata keçirilməlidir. Nəticə etibarilə, müəllimlərin hüquqlarının qorunması və sosial vəziyyətlərinin yaxşılaşdırılması təhsil sisteminin inkişafı üçün mütləqdir. Müəllimlərə dəstək göstərmək və onlara layiq olduqları hörməti vermək cəmiyyətin gələcəyini, yəni uşaqlarımızın uğurunu təmin etmək deməkdir. Təhsildə uğur yalnız müəllimlərə layiqli şərait və dəstək verildiyi təqdirdə mümkündür”.

Seçilən
47
5
sherg.az

6Mənbələr