AZ

Xalqımızın 31 il əvvəlki seçimi Azərbaycan tarixində dönüş yaratdı

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə müstəqillik əldə etsək də, onu qoruyub saxlamaq qat-qat çətin idi. Ölkədə hökm sürən siyasi hərc-mərclik, kriminal ünsürlərin meydanda at oynatması, separatizm meyillərinin güclənməsi, Qarabağda baş qaldıran müharibə, ərazilərimizin işğalı və ən əsası hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi dövlətçiliyimizi uçuruma aparırdı. Azərbaycan parçalanma, məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Kənar güclər və böyük dövlətlər yaranmış faciəvi situasiyadan istifadə edərək burada öz çirkin siyasi maraqlarını həyata keçirməyə çalışırdılar. Belə çətin vəziyyətdə xalq xilaskar axtarışında idi. Bütün nəzərlər, diqqət Naxçıvana dikilmişdi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarını nəzərə alaraq Bakıya gəldi və siyasi idarəçiliyin sükanı arxasına keçərək ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Dahi Lider dərhal Gəncəyə səfər edərək orada baş qaldıran qiyamı yatırtdı. Ölkənin bütün sahələrini bürüyən böhran bir-bir aradan qaldırıldı.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm tarixi hadisə olduğunu deyən deputat əlavə edib: “Səsvermə hüququ olan vətəndaşlarımız seçki məntəqələrinə gedərək öz iradələrini ortaya qoydular. Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildi və qüdrətli Azərbaycan dövlətinin təməlini, inkişafa gedən yolun başlanğıcını qoydu. Ümummilli Lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”, – deyən Heydər Əliyev vədinə ömrünün sonuna qədər sadiq qaldı. Daxildəki hərc-mərcliyi aradan qaldırandan sonra Ulu Öndər cəbhədə atəşkəsə nail oldu, pərən-pərən düşmüş ordumuzu yenidən qurdu, nizami hərbi hissələr yaradıldı. Silahlı qüvvələrimiz demək olar ki, yenidən quruldu. Səriştəsiz, siyasi iddialarla alışıb-yanan “komandirlər” ordudan uzaqlaşdırıldı, vətənpərvər, peşəkar zabitlərimiz qoşun növlərinə cəlb olundular. Bu addımlar atılmasaydı, qana susamış, yeni ərazilər tutmaq sevdası ilə yaşayan erməni separatçıları digər ərazilərimizi də işğal edəcəkdi, qaçqın və məcburi köçkünlərin sayı bir neçə dəfə artacaqdı.

Deputat bildirib ki, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” və digər bu kimi fəxri adlarla tarixə düşən Dahi Liderin siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyi onun opponentləri tərəfindən də etiraf olunub: “Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində düşmənin təhlükəli planlarının qarşısı alındı. İctimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı. Bütün bunlar sosial-iqtisadi sahələrdə islahatların aparılmasına imkan verdi. Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelini gerçəkləşdirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi təhlükəsizliyi beynəlxalq qarantiyaya alındı. 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilə imzalandı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəmərləri ilə dünya bazarına çıxarıldı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi də Dahi Liderin qətiyyətli mövqeyinin nəticəsində mümkün oldu. Dövlətin strateji yolu demokratiyaya, sərbəst iqtisadiyyat prinsiplərinə söykəndi. Ulu Öndərin qeyd etdiyi kimi, demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur”.

Seçilən
7
1
xalq.az

2Mənbələr