AZ

"Repetitorluq şagirdlərə uşaqlığını normal keçirməyə imkan vermir" - Ekspert

“İllər öncə şagirdlər ancaq yuxarı siniflərdə, yəni 10-11-də oxuyanda ali məktəblərə qəbul imtahanlarında lazımi nəticə göstərmək üçün repetitor xidmətindən istifadə edirdi. İndi isə 1-ci sinifdən tutmuş 11-ci sinifə qədər bütün şagirdlər repetitor xidmətindən istifadə edirlər. Hətta 5 yaşlı uşağı belə repetitor yanına aparırlar ki, məktəbə gedəndə hazırlıqlı olsun. Bu doğurdan da çox acınacaqlı bir vəziyyətdir”.




Bu fikirləri Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, bu gün şagirdlərin çoxu hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri-rəsmi məktəbə - repetitorun yanına gedir:

"Deməli, rəsmi təhsilin səmərəsizliyi ucbatından şagird istər-istəməz öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur. Əgər şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnsə, dərsdən sonra qalan vaxtını öz inkişafının başqa istiqamətlərinə sərf edər. Qonşu Rusiyada şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənilir. Bu, müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısını alır. Digər maraqlı təcrübələr də var. Hər halda, ilkin olaraq bu təcrübələrdən nisbətən optimal sayılanını seçib tətbiq etmək tərəddüdlərə son qoymaq yolunda ilk addım ola bilər”.

Ekspertin sözlərinə görə, bir çox müəllimlər dövlət büdcəsindən maaş almaqla yanaşı, repetitor kimi də qazanc əldə edirlər:


“Bu, bir tərəfdən pedaqoji dəyərlərin nə dərəcədə aşındığının, digər tərəfdən isə dağıdıcı “anti-məktəb” prosesinin təşəkkülünün göstəricisidir. Sistemləşdirilmış biliklər əldə etmək üçün təlim-tərbiyə müəssisəsinə, məktəbə, müəllimə deyil, repetitora müraciət ehtiyac meyarına çevrilir. Repetitor institutu da yerində saymır, forma və məzmunca durmadan təkmilləşir. Artıq pedaqoji leksikonumuza daha prestijli və qiymətcə fərqli “bunker repetitoru” anlayışı gətirilib”.

Sevinc,
BakuPost
Seçilən
87
bakupost.az

1Mənbələr